Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin birgə proqramının növbəti qrupunun açılışı olub (FOTO)

Bakı Ali Neft Məktəbi (BANM) və layihələri idarəetmə sahəsində
aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy
Execution” şirkətinin texniki dəstəyi ilə həyata keçirilən ABŞ-ın
Dyuk Universitetinin “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq
proqramın (“Project Management”) növbəti qrupunun təqdimat mərasimi
keçirilib.

Qonaqları və qrup iştirakçılarını salamlayan BANM-in rektoru
Elmar Qasımov bildirib ki, sürətlə dəyişən müasir dövrdə insanlar
bilik və bacarıqlarını daim inkişaf etdirməlidirlər: “Bp şirkətinin
maliyyə dəstəyi ilə Bakı Ali Neft Məktəbində həyata keçirilən bu
proqramda əldə edilən bilik və bacarıqlar iştirakçıların
karyeralarının inkişafına töhfə verib və bundan sonra da mühüm rol
oynayacağına əminəm. Proqramda müxtəlif müəssisələrdən olan
iştirakçılar 8 ay ərzində peşəkar mütəxəssislərdən modul – dərsləri
alacaqlar “.

Bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda Xarici
əlaqələr üzrə meneceri Günəş Əliyeva qeyd edib ki, Azərbaycanda
fəaliyyətinin 30 illiyini qeyd edən bp şirkəti ən strateji enerji
layihələrinin operatoru olmaqla yanaşı, bir çox korporativ sosial
məsuliyyət layihələrinin də müəllifidir. O, “Layihələrin İdarə
edilməsi” üzrə beynəlxalq proqramın şirkətin korporativ sosial
məsuliyyət üzrə ən uğurlu və davamlı layihələrindən biri olduğunu
bildirib.

Bakı Ali Neft Məktəbinin uğurlu təhsil ocağı olduğunu vurğulayan
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov
əlavə edib ki, BANM-də həyata keçirilən bu layihə də iştirakçıların
karyeraları, bilik və bacarıqlarının inkişafına töhfə verən
layihədir. Bp “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq
proqramını maliyyələşdirməklə Azərbaycanda kadr potensialının
inkişafına böyük təkan verir.

“Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramının yeni
qrupunun iştirakçılarından biri olan Bakı Ali Neft Məktəbinin
Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov BANM-də yüksək
keyfiyyətli təhsil verilməklə yanaşı, əməkdaşların inkişafına da
daim dəstək göstərildiyini qeyd edib. Prorektor bildirib ki, Ali
Məktəbin 10-dan çox əməkdaşının bu proqramın məzunu olması həmin
dəstəyin göstəricisidir.

“Azərsu” ASC-nin aparat rəhbərinin müavini Zemfira Hüseynbəyli,
“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma
İdarəsinin rəisi Ramin Quliyev və bp-nin İT üzrə qrup rəhbəri Faiq
Nəsibov çıxış edərək layihə iştirakçılarına uğurlar
arzulayıblar.

Qeyd edək ki, “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq
proqramın budəfəki “M-10” qrupuna Bakı Ali Neft Məktəbi, “Xalq
Bank” ASC, “DOST” Agentliyi, bp, “Azneft” İstehsalat Birliyinin
“Abşeronneft” Neft və Qazçıxarma İdarəsi, Elektron Hökumətin
İnkişafı Mərkəzi və “Azərsu” ASC-də müxtəlif rəhbər vəzifələrdə
çalışan iştirakçılar qatılıb.

Noyabr ayınadək davam edəcək kurs müddətində iştirakçılara 8
modul – “Layihələrin idarəedilməsi”, “Xərclərə nəzarət”, “Risk
menecment”, “Agile and lean”, “Layihədə liderlik, menecment və
kommunikasiya”, “Kontrakt menecment”, “PMP imtahanına hazırlıq”,
“Layihə menecerləri üçün danışıqların aparılma bacarığı” modulları
üzrə təlim kursları keçiriləcək. Təlimlər beynəlxalq səviyyəli
peşəkar müəllimlər tərəfindən aparılıb.

“Layihə İdarəetmə Məktəbinin” çox uğurlu fəaliyyətinin davamı
olaraq proqram artıq akademik səviyyədən professional səviyyəyə
qaldırılıb. Nəticədə məzunlar dünyanın ən güclü universitetlərindən
biri olan Dyuk Universitetinin Professional layihə meneceri
sertifikatını əldə edirlər. Layihənin sonunda iştirakçılara
sertifikatlar təqdim olunur.

Teqlər: