Bakı Ali Neft Məktəbi (BANM) və ABŞ-ın Dyuk Universitetinin
birgə təşkilatçılığı, eləcə də layihələri idarəetmə sahəsində
aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy
Execution” şirkətinin texniki dəstəyi ilə həyata keçirilən
“Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın (“Project
Management”) Məzun Günü keçirilib.
Məzunları təbrik edən BANM-in rektoru Elmar Qasımov bildirib ki,
rəhbərlik etdiyi Ali Məktəb ingilisdilli mühəndis kadrlar
yetişdirməklə yanaşı, beynəlxalq səviyyəli təlim və proqramlara da
evsahibliyi edir: “Vaxtilə bu cür təlimlərdə iştirak etmək üçün
insanlar xarici ölkələrə gedirdilər. Çox sevindirici haldır ki,
artıq ölkəmizdə beynəlxalq stardartlara uyğun, yüksək səviyyəli
təlim proqramları və layihələr həyata keçirilir. Bakı Ali Neft
Məktəbinin belə təlimlərə təşkilatçılıq etməsi bizim üçün xüsusi
qürurvericidir. Müxtəlif müəssisələrdən olan iştirakçılar 10 ay
ərzində yüksək səviyyəli mütəxəssislərdən modul-dərsləri aldılar.
Bu müddətdə iştirakçılar idarəetmə sahəsində bilik və bacarıqlar
əldə etdilər. Artıq onlar çalışdıqları müəssisələrdə bu bilikləri
tətbiq edəcəklər. Burada qazanılan biliklər karyeranın inkişafı
üçün vacib və əhəmiyyətlidir”.
Dünyada proseslərin və texnologiyaların sürətlə inkişaf etdiyini
vurğulayan SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxışında qeyd
edib ki, insanlar hər zaman yeni bilik və bacarıqlara yiyələnməli,
özlərini daim inkişaf etdirməlidirlər. “Müasir dövrdə biz rəqabət
mühitində yaşayırıq. Belə şəraitdə öndə və rəqabətə davamlı olmaq
üçün daim bilik və bacarıqlarımızı yeniləməliyik. Bu təlimdən əldə
etdikləriniz sizə həyatınız boyu lazım olacaq. Belə bir layihəni
həyata keçirdiyi üçün BANM-ə təşəkkür edirəm”, – deyə o əlavə
edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Zaur Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat
rəhbəri Rəşad Allahverdiyev, bp-nin Yaxın Şərq və Xəzər ölkələrində
kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
də məzunları təbrik edərək onlara iş həyatlarında uğurlar arzulayıb
və “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın
əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq
proqramın budəfəki proqramındanİcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi, Amerika Ticarət Palatası, Bakı Ali Neft Məktəbi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR-PETROFAC MMC,
Azərbaycan Respublikası Təhsil İnstitutu və bp-də müxtəlif rəhbər
vəzifələrdə çalışan 20 iştirakçı məzun olub. 10 aylıq kurs
müddətində iştirakçılara 8 modul – “Layihələrin idarəedilməsi”,
“Xərclərə nəzarət”, “Risk menecment”, “Agile and lean”, “Layihədə
liderlik, menecment və kommunikasiya”, “Kontrakt menecment”, “PMP
imtahanına hazırlıq”, “Layihə menecerləri üçün danışıqların
aparılma bacarığı” modulları üzrə təlim kursları keçirilib.
Təlimlər beynəlxalq səviyyəli peşəkar müəllimlər tərəfindən
aparılıb.
Layihə İdarəetmə Məktəbinin” çox uğurlu fəaliyyətinin davamı
olaraq proqram artıq akademik səviyyədən professional səviyyəyə
qaldırılıb. Nəticədə məzunlar dünyanın ən güclü universitetlərindən
biri olan Dyuk Universitetinin Professional layihə meneceri
sertifikatını əldə ediblər. Tədbirin sonunda iştirakçılara
sertifikatlar təqdim olunub.