Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) “SPE BHOS” komandası Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunun qalibi olub. Yarış Xəzər və Rusiya regionunu əhatə edib.

Ümumilikdə, yarışda 22 komanda iştirak edib. Azərbaycandan Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universiteti də regional yarışda təmsil olunub.

Birinci yerə çıxan “SPE BHOS” komandasının üzvləri Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Toğrul Tahirov, Kənan Məmmədov, Rəhimə Abbasova, Elnur Əskərov və Xalid Orucovdur.

Beləliklə, BANM-in komandası bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək SPE-nin illik texniki konfransı və sərgisi çərçivəsində “Petrobowl” yarışının finalına vəsiqə qazanmış olub.

Qeyd edək ki, beynəlxalq “PetroBowl” yarışması Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin tələbələrin inkişafı üzrə həyata keçirdiyi proqramlardan biridir. Bu yarışmada tələbələr komanda şəklində iştirak edirlər. Yarışma bir neçə mərhələdən ibarət olur və hər bir mərhələdə iştirakçı komandalar texniki və qeyri-texniki suallara cavab verirlər. Yarışma 2002-ci ildən bəri öz miqyasına və populyarlığına görə seçilir. 2015-ci ildə yarışmanın 6 regionda təşkil olunması ilə onun beynəlxalq statusu təmin olunub.

“PetroBowl” Çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa vəsiqə qazanacağı “PetroBowl” Regional Çempionatında müəyyən edilir.

Teqlər: