Bakı Ali Neft Məktəbinin (BANM) ABŞ-ın Şimali Karolina ştatının Dyuk Universiteti ilə birgə təşkilatçılığı ilə Layihə İdarəetmə Məktəbinin (SPM) yeni qrupunun açılışı olub.
Təlim proqramındakı modullar ABŞ-ın Dyuk Universitetinin magistr proqramına əsaslanır.
Açılış mərasimində Bakı Ali Neft Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, bp-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və kursa qəbul olan tələbələr iştirak edib.
Layihə İdarəetmə Məktəbininin bu dəfəki iştirakçıları arasında bp, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi şirkət və qurumların menecerləri, eləcə də məsul əməkdaşları var. Proqrama 22 nəfər qəbul olub.
Açılış mərasimində çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin iştirakçılarını tədrisə başlamaları münasibətilə təbrik edərək bildirib ki, BANM-də davamlı formada reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqramı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər.
“Dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması üçün onların bu layihədə iştirakına üstünlük verir. Məktəbdə Layihələrin İdarə olunmasının 7 modulu üzrə Dyuk Universitetinin proqramı əsasında təlim keçiriləcək və beynəlxalq sertifikat veriləcək”.
Rektor qeyd edib ki, 6 ay davam edəcək kursu bütün modular üzrə bitirən məzunlar adlarının qarşısına PMP və ya PhD kimi DCPM yəni “Duke Certified Project Manager” initsiallarını da əlavə edə biləcəklər.
Kursun modullarına “Layihələrin idarə edilməsi”, “Layihəyə rəhbərlik”, “İdarəetmə və kommunikasiya”, “Risklərin idarəedilməsi”, “Qrafik və xərclərə nəzarət”, “Layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq”, “Müqavilə idarəetməsi”, “Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları” və “Agile&Lean” kimi kurslar daxildir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, bp-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək, bu kursda təmsil etdikləri qurumun çoxsaylı əməkdaşlarının iştirak etdiyini və kursda əldə edilən biliklərin onların gələcək karyeralarında mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.
Sonda Ali Məktəbin kampusu ilə tanışlıq turu təşkil edilib.