Bakı aeroportunun aviasiya təhlükəsizliyi müzakirə olundu

Bakı aeroportunun aviasiya təhlükəsizliyi müzakirə olundu

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin aktual məsələləri müzakirə olunub.

AzerTimes xəbər verir ki, Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının 4-cü iclasında “Azərbaycan Hava Yolları” QSC-nin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak ediblər

İştirakçılar aviasiya təhlükəsizliyinin təmin edilməsinin mövcud vəziyyətini və onun gələcək inkişaf strategiyasını qiymətləndiriblər.

Aviasiya təhlükəsizliyi sahəsində yeni texnologiya və metodların tətbiqinə nəzər salınıb, hava limanının sərnişin və yük terminallarında təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib, həmçinin həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb.

İclasın nəticəsi olaraq gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas istiqamətləri müəyyən edilib və onun təmin olunması üzrə tədbirlər görülüb.

İdarələrarası Komissiya mütəmadi olaraq Azərbaycanda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüşlər keçirir.

Teqlər: