Azərbaycan hakimiyyətinin Türkiyədə keçirilən seçkilərdə tutduğu mövqe – Ərdoğana açıq və nümayişkaranə dəstək verməsi qardaş ölkənin iqtidara iddia edən və şansı heç də az olmayan əsas müxalifətində – “Altılı masa”da ciddi qıcıq yaradıb, o qədər ki, nəzarətində olan media və jurnalistlərə Azərbaycan iqtidarını hədəf halına gətirəcək təbliğata belə başlamaq tapşırığı verib – eynilə “qarşılarına çıxan” Məhərrəm İncəni linç etdikləri kimi.
Türkiyənin bəzi media və siyasət adamlarının bu cür tapşırıqlı reaksiyasından təsirlənən yerli siyasilər, media təmsilçiləri arasında da Azərbaycan hakimiyyətinin tutduğu mövqeyi tənqidetmə meyli başlayıb. Ümumi məntiq belədir ki, Azərbaycan Türkiyə dövləti ilə qardaşdır, ayrı-ayrı iqtidarlarla yox. Bu mənada bizim Türkiyədəki seçkilərə bu qədər birmənalı münasibətimiz olmamalıdır və s.
Hətta Türkiyədə bu prosesdən “qeyzlənən”, əslində isə illərdir içində olan antiazərbaycan nifrətini ifadə etmək üçün fürsət gəzənlərə də “şans” yaranıb: Azərbaycanın Türkiyəyə qardaş olmadığını iddia edirlər, biriləri isə tapılır ki, İlham Əliyevə “ağıl” öyrətsinlər…
Əvvəla, mütləq şəkildə Azərbaycanın mövqeyinin niyə bu qədər açıq və net olmasına diqqət çəkmək gərəkdir:
1. 2020-ci ilin 44 günlük savaşında həmən bu CHP “Türkiyənin Qarabağda nə işi var” deyə bir mövqe sərgiləyirdi;
2. 44 günlük savaşda erməni yalan, şər və böhtanlarını məhz CHP-nin dilindən də eşidirdik: guya Azərbaycan tərəfdə Suriyadan gətirilən 2 min terrorçu var. Bunu CHP-nin sədr müavini, Azərbaycandakı sabiq səfir Əhməd Ünal Çeviköz dilə gətirmişdi.
3. “Altılı masa”da Əli Babacan kimi siyasətçi var. O Əli Babacan ki, 2008-2009-cu ildə Ermənistan-Azərbaycan münasibətlərini bir kənara tullayaraq, Qərbin tapşırığını icra edir və erməni həmkarları ilə heç bir şərt olmadan Türkiyə-Ermənistan açılımına çalışırdı. Vəziyyət o səviyyəyə gəlmişdi ki, Babacan erməni həmkarı ilə görüşdən öncə azərbaycanlı diplomatın Azərbaycan faktorunu unutmamaq xahişini rədd edərək, çox aşağılayıcı tərzdə onun yanından ayrılmış, bu azmış kimi, erməni həmkarına yaxınlaşaraq, azərbaycanlı diplomata erməni ilə birlikdə rişxəndlə gülmüşdü.
4. Nə Aprel savaşında, nə də 44 günlük müharibədə Türkiyə müxalifətini Azərbaycan öz yanında görmədi: Hətta qələbəmizi təbrik etməyə də “tələsməyənlər”, hətta ümumiyyətlə bunu yada salmayanlar oldu…
Bu siyahını nə qədər desən, uzatmaq mümkündür. Azərbaycan iqtidarı hansı mövqe tutmalı idi ki?
Azərbaycan Ərdoğana açıq və nümayişkaranə dəstək verməklə, əslində:
1. Vəfa borcunu yerinə yetirir;
2. Ərdoğan Türkiyəsi ilə başlatdığı irihəcmli və gələcəyə hesablanan layihələri tamamlamaq istəyir;
3. Azərbaycana qarşı münasibətin rəsmi Bakının siyasətində əsas faktor olduğunu nümayiş etdirir: əgər CHP-si, İYİ-si də daxil, o partiyalar xarici siyasətlərində indiyə qədər Azərbaycanı prioritet olaraq görsəydilər, Azərbaycanın da münasibəti belə olmayacaqdı, Kuzey Kıprıs kimi, daha neytral mövqe sərgiləyəcəkdi;
4. Azərbaycan iqtidarı əslində bununla Türkiyə müxalifətinə və ümumilikdə Türkiyə siyasətinə yön verir: oyun oynamır, Türkiyəyə münasibətdə açıq mövqe sərgiləyir və bununla iqtidar və müxalifət olmasından asılı olmayaraq, Türkiyədə hakimiyyətə iddia edənlərin Azərbaycanla münasibətlərini necə qurması gərəkdiyini göstərir;
5. Azərbaycan hakimiyyəti faktiki olaraq Azərbaycan xalqının sifarişini yerinə yetirir. Bu xalqın bütün səsvermələrdə ən azı 90%-i Ərdoğana sonsuz sevgisini göstərir və onun qalib gəlməsini arzulayır. Ümumilikdə müxalifəti dəstəkləyənlər isə ən yaxşı halda 5 faizi keçmir. Azərbaycan hakimiyyəti bu faktı görmürməzdən gəlməlidir?
Azərbaycan Türkiyə üçün nələr edib?
Ərdoğan Türkiyəsinin hazırkı Qafqaz siyasətinin bünövrəsini qoyan da, onu bu qədər inkişaf etdirən də, böyük layihələrə sövq edən də İlham Əliyevdir:
1. İlham Əliyev “Türkiyə burda yoxdur, mən varam”la bu münasibətlərdə 2014-cü ildə böyük bir dəyişikliyə imza atıb;
2. FETÖ-nünmü, yoxsa daxili güclərinmi, bəlkə də ABŞ-ınmı sifarişi ilə Rusiya qırıcısı vurulanda və Türkiyə-Rusiya münasibətləri çıxılmaza dirənəndə müstəsna rol oynayan şəxs İlham Əliyevdir. Həmin dövrdə Qazaxıstan Prezidenti olan türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev birbaşa vasitəçilik edirdi və hər kəsin gözü də məhz Nazarbayevdə idi. Ancaq məhz Nazarbayev açıq şəkildə dedi ki, proseslərin hamısını İlham Əliyev idarə edir.
O ciddi konflikti aradan qaldıran da, Putin-Ərdoğan yaxınlaşmasını təmin edən də və yaxınlaşmadan milli maraqlarımız üçün ustalıqla istifadə edən də İlham Əliyev oldu.
Əliyevin Türkiyənin indiki qüdrətli mövqeyində müstəsna diplomatik bacarığı mühüm rol oynayıb. Əks halda Türkiyə indi NATO və AB-nin Rusiyaya qarşı mövqeyində səf alan, Rusiyaya məcburi sanksiyalar qarşılığında onmilyardlarla gəlirdən məhrum, ənənəvi olaraq Qərbin əlinə baxmağa məcbur vəziyyətdə qalacaqdı.
3. Türkiyə üçün ən ciddi problemlərdən biri İsraillə münasibətlər idi. Bu münasibətləri hazırkı səviyyəyə qaldıran da İlham Əliyevdir. Azərbaycanı sevən, Türkiyəyə nifrət edən Liberman kimi ideoloqu Türkiyənin dostuna çevirənin kim olduğunu hər halda, siyasilər yaxşı bilirlər. İndi artıq İsrail Prezidentinin Azərbaycana və Türkiyəyə səfəri müzakirə edilmir, bu, ay sonu gerçəkləşəcək.
Bu siyahını da saysız-hesabsız uzatmaq olar.
Bəs, Türkiyənin regional gücə çevrilməsi qarşısında ona yaradılan maneələrdə İlham Əliyev nə edir?
1. Türkiyədə Qərbin birbaşa təzyiqi ilə valyuta bahalaşır, birjalar dalğalanır – Azərbaycan xaricdə saxladığı milyardları Türkiyə Mərkəzi Bankına dövr edir;
2. Türkiyədə yanğın törədilir – Azərbaycanın bütün imkanları qardaş ölkəyə yönəldilir;
3. Türkiyədə zəlzələ olur – ilk yetişən Azərbaycandır: pulu ilə, malı ilə, canı ilə qardaşına yardıma qaçır;
4. Türkiyədəki zəlzələ bölgəsində Azərbaycan şəhəri salır – özü tikir, təmənnasız, bütün xərcləri çəkərək;
5. “Togg”a da, “Texnofest”ə də, “Qızıl alma”ya da görünən, görünməyən dəstəyi verir;
6. Təkcə SOCAR Türkiyəyə 18 milyard dollar yatırım edib…
Bu dəstəkləri də sonsuza qədər uzatmaq mümkündür.
Azərbaycan iqtisadı qardaş Türkiyədə iqtidar və müxalifət arasında seçim etmir əslində, öz layihəsini seçir, öz yatırımını qoruyur, öz regional və milli-strateji siyasəti üçün hər şey edir. Məgər bu, aydın deyil?
Əgər Kılıçdaroğlu ətrafında Azərbaycana qarşı birmənalı siyasət yeridənlərlə addımlayırsa; əgər əlinə Azərbaycansız İpək Yolu xəritəsini götürüb, İrandan keçəcək bir Fransa layihəsini dəstəkləyirsə; əgər Rusiya ilə daha soyuq, Qərblə daha isti münasibət quracağını və beləliklə də Avropa Birliyinin siyasi lideri Fransaya meyil edəcəyini açıq şəkildə ortaya qoyursa, ərazisində Rusiya sülhməramlıları olan Azərbaycan kimin yanında olmalıdır?
Türkiyədəki seçkini təsadüfən bu qədər həssaslıqla izləmirik – bu, Azərbaycanın illərdir yatırım qoyduğu, layihələndirdiyi, bir hissəsini həyata keçirdiyi prosesdir.
Özümüzü niyə aldadırıq ki? Guya Kılıçdaroğlu gələrsə, Türkiyənin Cənubi Qafqazdan nisbi də olsa, çəkiləcəyini bilmirikmi?
Türkiyə regiondan azacıq çəkilsə, nə baş verəcək?
Və ümumiyyətlə, Fransa və Ermənistan siyasilərini, mediasını izləmək kifayətdir ki, Türkiyədə niyə Azərbaycanın açıq oynadığını görəsən.
Biriləri Türkiyədə və Azərbaycanda qalxır və İlham Əliyevə “ağıl öyrətməyə” çalışır. 20 ildir regionu bitdə-bitdə öyrənən, bu qədər böyük oyunlarda Azərbaycanı qalib çıxaran bir liderə gör kimlər, nəyi “öyrədirlər”.
Gəldik əsas məsələyə və “arqumentə”. İlham Əliyev və ümumilikdə Azərbaycan xalqı bu gün uduzsa – yəni Ərdoğan məğlub olsa – nə baş verəcək?
Məsələ də burasındadır ki, heç kim prosesləri İlham Əliyev kimi geniş miqyasda görmür.
Məsələ təkcə prezident seçkisi deyil axı!
Türkiyədə iqtidarın və iqtidara yaxın olanların keçirdiyi sorğuda Ərdoğan, müxalifətin və müxalifətə yaxın olanların keçirdiyi sorğu Kılıçdaroğlunun qalib gələcəyi göstərilir. Elədirmi?
Amma həm iqtidar, həm müxalifətin sorğularında AKP-nin parlament seçkilərində ən azı 33% səslə bütün partiyaları qabaqlayacağı məsələsi var. MHP ilə birgə isə parlamentin ən azı 40%-ni götürəcəyini müxalifət belə etiraf edir.
Yəni hətta Ərdoğan bu gün və yaxud təkrar seçkidə prezidentliyi uduzsa belə, AKP-MHP parlament çoxluğu olacaq və Türkiyə siyasətində həlledici mövqeyini qoruyub saxlayacaq.
Digər tərəfdən, Kılıçdaroğlu hərəsinin ağzından bir avaz gələn və hər birinin istənilən qərara veto hüququ olan 6 vitse-prezidentlə hara gedə bilər? Hansı qərarları qəbul etməsi mümkündür?
Kılıçdaroğlunun seçiləcəyi təqdirdə ölkənin prezidentlik böhranı yaşayacağı şübhəsizdir – bir tərəfdən “vitse”ləri, digər tərəfdən isə TBMM-də AKP-MHP gücü Kılıçdaroğlunun sifarişləri yerinə yetirməsinə imkan verməyəcək.
Bütün ehtimallar budur ki, Kılıçdaroğlu seçilsə belə, ən çoxu 6 aydan sonra təkrar seçki elan edəcək – çünki bu cür idarəetmə mümkün deyil. Yəni 6 aydan sonra siyasi böhrandan xilas olmaq üçün Türkiyə xalqı Ərdoğanı ən yüksək səslə geri gətirəcək.
Bu, ən pis ssenaridir, əlbəttə. Arzulanan, dəstəklənən və gözlənilən isə bu gün və yaxud 28 mayda Ərdoğanın qələbəsir.
Yəni düşündüyünüz kimi deyil – hər şey daha geniş hesablanıb.
İlham Əliyev heç vaxt uduzmur – nəyə stavka edirsə, orda sona qədər mübarizə aparır və qalib gəlir.
Bugünkü qələbə isə həm də Azərbaycan xarici siyasətinin, daha dəqiq desək, Azərbaycan xalqının qələbəsi olacaq…