Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

Bakcell abunəçiləri “Asan İmza” xidmətinin müddətini artıq SMS vasitəsilə uzada bilərlər.

Belə ki, “Fərdi”, “Biznes” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarına sahib olan bütün Bakcell abunəçiləri “Asan İmza” xidmətini növbəti 3 il müddətinə uzatmaq üçün “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən birini SMS vasitəsilə göndərə bilərlər:

“ferdi” – fiziki şəxslər üçün;

“biznes” – hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün;

«dovlet» – dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün.


“Asan İmza” sertifikatlarının müddətinin SMS vasitəsilə uzadılması xidmətindən Prepaid (əvvəlcədən ödənişli) və Postpaid (sonradan ödənişli) Asan İmza SİM kartlarının mövcud istifadəçiləri yararlana bilər. “Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır. “8500” qısa nömrəsinə göndərilən bütün SMS-lər pulsuzdur.

Nəzərə almaq lazımdır ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.

“Asan İmza” xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət qulluqçuları və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər. İlk dəfə bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqələri ilə Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən birinə müraciət etməli və burada “Asan İmza” xidmətini aktivləşdirərək “Asan İmza” SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda Asan İmza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.

Qeyd edək ki, “Asan İmza” mobil elektron imzanın texniki operatoru “B.EST Solutions” şirkətidir.