Bahar katarı (keratokonyunktivit) xəstəliyinin yaranma səbəbləri və müalicəsi

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva “Həkim
məsləhəti” rubrikasında yaz mövsümündə rast gəlinən “Bahar katarı
(keratokonyunktivit) xəstəliyinin yaranma səbəbləri və müalicəsi”
mövzusunda məlumat verib.

Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma,
göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə
müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivanın
iltihabi reaksiyasıdır. Kliniki formalarından pollinoz, “Bahar
katarı”, dərman allergiyası, xroniki allergik konyunktivit, atopik
keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir.
Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya
olaraq yaranır. Atopik keratokonyunktivit isə atopik dermatit,
bronxial astma, allergik rinit şikayətləri olanlarda rast gəlinən
haldır. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə
ortaya çıxır.

Bahar keratokonyunktiviti mövsümlə əlaqədar ortaya çıxan, hər
iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və
yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, daha çox
yaz aylarında başlayıb payıza qədər davam edir. Pasiyentin 3-6
yaşlarında başlayan şikayətləri 20 yaşa qədər artıq yox olur. Nadir
hallarda iyirmi yaşından sonra da davam edə bilər. Ailə anamnezində
atopik xəstəlik olan şəxslərdə daha çox rast gəlinir.

Göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma,
gözdə “yad cisim” hissi, işığa həssaslıq və hətta blefarospazm (göz
qapaqlarında spazm) əlavə olunur. Konyunktivada qızartı və ödem,
üst qapaq konyunktivasında, limb ətrafında follikullar, papillalar
inkişaf edir. Yan-yana düzülmüş bu follikullar çay daşlarını
xatırladır. Hipertrofiya olunmuş papillalar qapağın cüzi ptozuna
(sallanmasına) səbəb ola bilər. Spesifik əlamət sayılan iri
follikullarda ağ infiltratlar da müşahidə oluna bilir. Xəstələrin
50%-ində buynuz qişa zədələnir. Bu zaman şikayətlərə batma,
sulanma, işığa həssaslıq, gözdə “yad cisim“ hissi, ağrı əlavə
olunur.

Yüngül klinika ilə keçən hallarda gözə soyuq kompress, günəşdən
qorunma və simptomatik müalicə kifayət edir. Bu tədbirlər yetməzsə,
xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin
olunur. Xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə
biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı
və s. kimi ağırlaşmalar bu qrup preparatların istifadəsinə
məhdudiyyət qoyur. Məhz buna görə, belə xroniki xəstəlikdən əziyyət
çəkənlər hər bahardan əvvəl profilaktik müayinədən keçməli və
lazımi tədbirlərə vaxtında başlamalıdırlar.

Teqlər: