Bağlarda xəstəlik yayılması riski var – FERMERLƏRƏ SMS GÖNDƏRİLDİ

Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən bağlarda yarpaq
dəlikliyi və boz çürümə xəstəliklərinin yayılması riski yaranıb. Bu
xəstəliklərin əsasən gilas, şaftalı və nektarin bağlarında
yayılması riski var.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bununla
bağlı nazirlik tərəfindən hər üç rayon üzrə 2166 fermerə SMS
bildiriş göndərilib. Göndərişdə qeyd olunan xəstəliklərin yayılma
riski ilə əlaqədar qabaqlayıcı tədbirlər görmək, aqronomlarla
məsləhətləşmək tövsiyə olunub.

Qeyd edək ki, boz çürümə xəstəliyinə “Monilia laxa” göbələyi
səbəb olur. İlkin əlamətlər çiçək mərhələsində, çiçəklərin
büzüşərək quruması və yeni zoğların inkişafdan dayanması kimi
müşahidə olunur. İnkişaf etməkdə olan meyvələrin bəzi hissələri isə
qəhvəyi-boz rəngdə çürüməyə başlayır.

Yarpaq dəlikliliyi xəsətliyinə “Stigmina carpophila” göbələyi
səbəb olur. Xəstəlik tumurcuqlara, yarpaqlara və meyvəyə zərər
vurur. Yarpaqlarda ilk başda ləkələr 1 mm böyüklüyündə yuvarlaq və
qırmızı-sarı rəngdədir. Daha sonra tündləşən ləkələr quruyaraq
tökülür və deşik izlər buraxaraq ağacların fotosintez etmə
qabiliyyətini aşağı salır. Meyvə üzərindəki xəstəlik əlamətləri isə
kiçik ölçülü, lakin çox sayda dairəvi ləkələrdir.

Xəstəliyin yaz aylarında yayılma riski yüksək olduğu üçün
mübarizə üsullarında aqronomlarla məsləhətləşərək təyin olunmuş
intervalda dərman səpmək məsləhət görülür.

Teqlər: