Bağırov 47 yaşında Rusiyada öldü

Bağırov 47 yaşında Rusiyada öldü

Azərbaycan əsilli rusiyalı yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə RT kanalının baş redaktoru Marqarita Simonyan məlumat yayıb.

Məlumata görə, Bağırov orqan çatışmazlığından ölüb.

“Varlamov News” mənbələrə istinadən yazıb ki, son həftə yazıçı komada idi, onun bütün orqanları sıradan çıxmışdı.

Qeyd edək ki, Eduard Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. Eduard ordu sıralarından qaçaraq Moskvaya yollanıb. Burada yükdaşıyan, kiçik ticarətçi, şəxsi tikinti idarəsinin rəhbəri kimi işlərdə çalışıb. Alternativ ədəbiyyat klubu — “Litprom.ru”nun yaradıcısı və baş redaktoru olub.

2001-ci ildə Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının Hüquq fakültəsinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub. 2007-ci ildə çapdan çıxmış “Qastarbayter” kitabı ilə məşhurlaşıb. Yazıçı “Qastarbayter” romanını həm özünün, həm də başqalarının həyatından götürdüyü əhvalatlar əsasında yazıb, Rusiyaya “çörək dalınca” gedən şəxslərin talelərindən bəhs edib.

Bağırov ədəbi fəaliyyətlə yanaşı, fəal siyasətlə də məşğul olub. O, 2012-ci il seçkilərində Vladimir Putinin etibarlı adamı olub, 2016-cı ildə isə Rusiya Vətənpərvərləri Partiyasından Dövlət Dumasına namizəd olub. 2015-ci ildə Moldovada Bağırov 2009-cu ildə Kişinyovda parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları keçirilən zaman kütləvi iğtişaşların təşkilində ittiham olunaraq qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Teqlər: