Azərbaycan torpaqlarının azad edilməsi, sadəcə, Azərbaycanın zəfəri deyil, bütün türk dünyasının böyük zəfəridir. Bu zəfər daim yanınızda olan türk xalqlarını çox sevindirib və qürurlandırıb. Türk dünyası adından Sizə bir daha təşəkkür edirəm, Azərbaycana və türk dünyasına yeni zəfərlər diləyirəm.
Trend xəbər verir ki, bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevlə videoformatda keçirilən görüşdə söyləyib.
Onlara ruh yüksəkliyi verən çıxışına görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirən Bağdad Amreyev deyib: “Həqiqətən, dünən biz işğaldan azad edilmiş ərazilərdə olduq, praktiki olaraq, tamamilə dağıdılmış obyektləri öz gözlərimizlə gördük. Əlbəttə, bu dağıntıların mənzərəsi olduqca təəssüf doğurur. Mən mətbuat nümayəndələri ilə görüşüm zamanı demişəm ki, bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar və çox tezliklə bu torpaqları, Füzulinin çiçəklənən torpaqlarını, şanlı Ağdam torpağını və azad olunmuş digər əraziləri bərpa edəcəklər. Bu yerlərin əvvəlki şöhrəti, əvvəlki zəngin siması çox tezliklə bərpa olunacaq”.