Bağçalarda tərbiyəçilər hansı meyarlara əsasən seçilir?

Xəbər - Humay Ağacanova – Trend:

Məktəbdə, eləcə də uşaq bağçasında tərbiyə və təlim işinin bütün
müvəffəqiyyət və nöqsanları müəllim-tərbiyəçi işinin nəticəsi kimi
qiymətləndirilir. Buna görə də müəllim-tərbiyəçi tərbiyə və təlim
işində başlıca simadır.

Bəs əsl müəllim və tərbiyəçi necə olmalıdır?

Trend-ə açıqlaması zamanı təhsil eksperti
Kamran Əsədov bildirib ki, müəllim və uşaq bağçası tərbiyəçilərinə
bəzən elə tələblər tətbiq edilir ki, bunlar aparıcı tələblərdir. Bu
tələblərə konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq
bacarığı daxildir.

“Konstruktiv tələblərə təlim – tərbiyə materialını qarşıya
qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək, sistemləşdirmək,
məktəbdə şagirdlərin, uşaq bağçasında uşaqların imkanlarına
uyğunlaşdırmaq, şagird və ya uşaq tərəfindən yol verilə biləcək
səhvləri, uşağın müəyyən situasiyada özünü necə aparacağını
əvvəlcədən görə bilmək bacarığı, maddi bazanı möhkəmləndirmək
bacarığı və s. aiddir”, – K.Əsədov deyib.

Onun sözlərinə görə, təlim-tərbiyəçi şagirdlərin (uşaqların)
qəlbinə yol tapa bilmək, özünü onlara sevdirmək, şagirdlər
(uşaqlar) arasında düzgün münasibətləri tənzim edə bilmə, valideyn
və ictimaiyyətlə ümumi dil tapa bilmə, pedaqoji mərifətə malik
olmaq, yeri gələndə gülməyi, hirslənməyi bacarmaq, ağır vəziyyətə
düşdükdə ani müddətdə düşünüb düzgün tərbiyə yolu seçmək kimi
meyarlara sahib olmalıdır.

Amerikadakı 5 yaşın altındakı uşaqların bir çoxuna – tam olaraq,
61%-nə uşaq qayğı mərkəzlərində və bağçalarda baxılır. Uşaqların
böyük qismi həftədə 40-50 saat arası zaman dilimini burada keçirir.
Bu səbəblə əsl “düşüncəsizlik” uşaqlarla bu qədər çox vaxt keçirən
insanlardan məktəbəqədər təhsil elminə hakim olmaqlarını və
keyfiyyətli təhsil icrasını siniflərinə ötürməyi gözləməmək
olar.

Ekspert həmçinin qeyd edib ki, öz üzərində işləyən müəllim və
tərbiyəçi pedaqoji işdə, eləcə də ictimai həyatda çox fəal rol
oynayır.

“Beləliklə, uşaq bağçası tərbiyəçisi uşağın fiziki və psixi
sağlamlığını, hər bir uşağın yaşını və fərdi xüsusiyyətlərini
nəzərə alaraq emosional və hərtərəfli inkişafı, təlim və
tərbiyəsinin səmərəliliyini optimal şəkildə həyata keçirmək üçün
məsuliyyət daşıyır”,- deyə o vurğulayıb.

Teqlər: