Bağça müdiri təyin olunmaq üçün Vilyam Hacıyevin müavininə 3 min manat verildi – Şahid

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Qızılkənd kəndinin sabiq icra
nümayəndəsi Daxil Abdullayev icra nümayəndəsi vəzifəsinə təyin
olunmaq üçün icra başçısına rüşvət vermədiyini bildirib. O qeyd
edib ki, bunun üçün o icra hakimiyyətinin Ərazi idarəetmə
orqanlarıyla iş şöbəsinin müdirinə pul verib.
Şahidin istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında
ziddiyyət olduğuna görə əvvəlki ifadəsi elan edilib.
İfadədə bildirib ki, icra nümayəndəsi təyin olunmaq üçün 5000,
sonradan əmək müqaviləsini uzatmaq üçün də 2000 manat pul
verib.
Daxil Abdullayev bildirib ki, həmin vəsaiti icra hakimiyyətinin
ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyevə
verib: “Demişdi ki, bayraq muzeyi tikilir, yardım etmək lazımdır,
mən də verdim”.
Daxil Abdullayev bildirib ki, Vilyam Hacıyevin Qızılkənd kəndində
məktəb tikilməsində, kəndə qaz çəkilməsi, yol salınmasında
xidmətləri var: “Mənim 68 yaşım var, yalan danışmaq istəmirəm. İcra
başçısının xidmətləri də az deyil”.
Digər şahid Adil Kərimov da icra nümayəndəsi vəzifəsində işlədiyini
bildirib və bağça müdiri təyinatı üçün rüşvət verilməsi epizodu
üzrə danışıb.
“Bağça müdiri təqaüdə getmişdi. Mən nümayəndə olaraq, humanitar
şöbəyə məlumat verdim ki, bağça rəhbərsiz qalıb. Ali təhsilli xanım
vardı, onun namizədliyini müdafiə elədik. Humanitar şöbədə müəyyən
məbləğ istənildi. Xanımın qayınatası 3000 manat gətirdi, humanitar
məsələlər üzrə başçının müavini Təranə xanıma təhvil verildi”,-deyə
şahidbildirib.
Prokurorun “o pul son nəticədə kimə çatıb” -sualına isə şahid
məlumatı olmadığını deyib.
Prosesdə son olaraq betonzavod rəisi Zakir Əliyev ifadə verib.
Şahidin sözlərinə görə İmişli Rayon İcra Hakimiyyətinin inzibati
binasının tikilişi zamanı beton vermək üçün icra hakimiyyətinin baş
mühasibinə pul verib:
” Xahiş elədim ki, binanın tikintisi üçün betonu mən verim. Cəmil
də razılaşdı. Buna görə ona 2 ya 3 min pul verdim.
Növbəti proses martın 10-a təyin olunub.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: