Sosial şəbəkələrdə Milli Məclisin 4-cü, 5-ci, 6-cı çağırış deputatı və inşallah, 7-ci növbədənkənar çağırış deputatlığa iddialı Azər Badamovun Yutub sosial şəbəkəsindən istifadə ilə necə möhtəşəm, misilsiz, analoqsuz, sonra.., Avropa standartlarına uyğun, Markın anasını, Maskın atasını ağladan təbliğatının əzəmətini əks etdirən skrin paylaşılıb.
Skrindən aydın olur ki, 16 saatdır Yutub kanalına yerləşdirilən əzəmətli, möhtəşəm (qalanını siz əlavə edərsiniz) çıxışa bir “tık” var – yəni bir baxış.
Düzdür, bunun gözügötürməzlikdən doğan və guya az olduğunu bildirən böhtan, şər atıb, qısqanclıqla lağlağı ediblər. Ancaq heç düz etməyiblər. And olsun Yaradanımıza ki, ölkənin illərdir mövcud olan və aldığı titulları bir dəvə karvanının daşıya bilməyəcəyi görkəmli nümayəndələrinin Yutub sosial şəbəkəsində milli siyasətimizlə bağlı paylaşdıqları şəxsi müsahibələrinin baxışı 0 (sıfır) olanlar da var. Yəni sıfra baxanda 1-in nə qədər böyük olduğunu təsəvvür etmək lazımdır, bir az ədalətli olun. Elələri var ki, Yutuba qoyduğu videoya özü belə “tık” eləmir, günlərlə baxışı “sıfır” qalır – bu adam 16 saat ərzində heç olmasa özü özünə baxım da: bu boyda irəliləyişi necə qiymətləndirməmək olar, ay şəbədəçi-təxribatçılar?
Həm də hörmətli, sayın, əziz millət vəkilimiz Azərbaycan dövlət dilinin də keşiyində durur. Yaydığı videonun adına diqqət edin: “Seçicilərimi narahat edən məslələri ilə bağlı çıxışım.”
Dildən istifadənin gözəlliyinə, unikallığına, əzəmətinə baxın da! “Seçicilərimi narahat edən məslələri ilə bağlı…” Nə qədər dahiyanə, müdrik kəlamdır, necə mükəmməl izah edir!
Bax, bizə bu cür dili təmiz bilən, seçicilərini “narahat edən məslələri ilə bağlı” Milli Məclisdə çıxışlar edən və bunu yayan, bütün milli-siyasi məsələlərdə “susmaq qızıldır” prinsipinə sadiqlik göstərən və yaxud Prezidentin çıxışlarından kopyaladığı parçaları birləşdirib, analitik yazı adına dərc edən millət vəkillərinə bizim çox böyük ehtiyacımız var.
1 sentyabr gəlsəydi, bu deputatlarımıza səs verərdik – lap darıxdıq…