Xəbər - Elçin Mehdiyev – Trend:
Badamdarda sürüşmənin qarşısını almaq üçün görülən tədbirlər açıqlanıb.
AzerTimes-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaat” Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev jurnalistlərə bildirib ki, Badamdar sürüşmə sahəsində 2018-ci ildə sürüşməyə qarşı hazırlanmış əks-tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi ilə Yaponiya şirkətinin əməkdaşları ilə birlikdə dörd mərhələli layihə hazırlanıb.
Layihə çərçivəsində ilk olaraq sürüşmənin əsas səbəblərindən olan yeraltı suların ərazidən kənarlaşdırılması üçün tədbirlər hazırlanıb. Həmin tədbirlər çərçivəsində dərinliyi 30 metr olan 3.5 metr diametrli quyular qazılıb, həmin quyuların içərisindən isə 50-60 metr uzunluqda üfüqi istiqamətdə sugötürücü qurğular quraşdırılıb. Hazırda o işlər yekunlaşdırılıb və aparılan müşahidələrə görə yeraltı suların səviyyəsi 7-8 metr aşağı düşüb. Bu mərhələ yekunlaşdıqdan sonra isə digər mərhələdə Badamdarda yolun sağ tərəfində dərinliyi 9 metr olan dəmir svaylar üzərində istinad divarı inşa edilib və yolun bir hissəsi torpaq kütləsindən təmizlənib. İkinci mərhələdə isə terraslarda bərkitmə işlərinə başlanılıb və 1-ci terras üzrə işlər yekunlaşıb. Hazırda ikinci terras üzrə dəmir-beton svayların vurulması həyata keçirilir. Bu mərhələdən sonra isə yamacın yuxarı hissəsində yamacbərkitmə işlərinə başlanılacaq”.