Xəbər - Samir Əli – Trend:
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evində meyitləri tapılan 2 qardaşın biri Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.
Bu barədə AzerTimes-a universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.
O bildirib ki, dünyasını dəyişən 2003-cü il təvəllüdlü Lətif Əliyev AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakultəsinin 1-ci kurs tələbəsi olub. L.Əliyevin qardaşı, 2004-cü il təvəllüdlü Atilla Əliyev isə orta məktəbin 11-ci sinifində oxuyurmuş və qardaşı ilə həmin gecə birlikdə qalıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində 5 nəfərin meyiti aşkarlanıb. Myioti aşkar edilənlər 2004-cü il təvəllüdlü Atilla Əliyev, 2003-cü il təvəllüdlü Lətif Əliyev, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyev, 1972-ci il təvəllüdlü Natiq Səfərov və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevdir.
İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.