“Babək”ə çəkilməyə gümanım yox idi – Rasim Balayev

“Babək”ə çəkilməyə gümanım yox idi – Rasim Balayev

Bəzən deyirlər ki, istedadlı aktyorlar yoxdur. Bu sözlə razı deyiləm. Əlbəttə ki, var. Sadəcə olaraq onları ortalığa çıxarmaq lazımdır. Onlar üçün dramaturji material, ssenari olmalıdır. Mənim rejissorum, ssenaristim olmayandan sonra mən nə edə bilərəm?”

AzerTimes xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Rasim Balayev deyib.

“O vaxt çəkilmək istəyirdim, çəkmirdilər. Deyirdilər ki, sənin üzün kinoya düşmür. Heç fikirləşmirdim ki, “Nəsimi” filminə məni çəkəcəklər. Çünki eşitmişdim ki, həmin rola məşhur bir aktyoru çəkəcəklər. Düzü bilmirdim ki, o kim idi. Mən xəstəxanada idim bu rola çağırılanda. Həsən Seyidbəyli iki ay mənimlə məşq edəndən sonra məni bu rola təsdiq etdilər. Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım. “Dədə Qorqud” filmində rejissor oynadığım Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyirdi. Bədii Şura məni təsdiq etdi. “Babək” filminə çəkilməyə də gümanım yox idi. “Nəsimi” filmi mənim üçün yaşıl işıq yandırdı. Çox təkliflər gəlirdi. Birbaşa çəkirdilər, sınaqa da çağırmırdılar”, – aktyor bildirib.

Xalq artisti bildirib ki, hər zaman müxtəlif xarakterli rollar oynayıb:

“Rasim Ocaqovun dörd filmində çəkilmişəm. Deyirdi ki, hazırlaş sənin üçün rol var. “Həm ziyarət, həm ticarət” filmindəki rolumu tamaşaçılar bir o qədər də qəbul etmirdilər. Çünki məni o rola qədər müsbət obrazlarda görmüşdülər. Tamaşaçılar məni həmin rola yaraşdırmırdılar. Rasim Ocaqov məni bu rola dəvət etməyi belə əsaslandırmışdı ki, bizi bəzən mələk simalı insanlar da aldadırlar. Çalışmışam ki, müxtəlif xarakterli rollar oynayım ki, monotonluq yaranmasın”.

Teqlər: