Babək Səmidlinin səs yazısı nələri üzə çıxarır…

Babək Səmidlinin səs yazısı nələri üzə çıxarır…

Polkovnik, şəhid Babək Səmidlinin səs yazısının “ikinci hissəsinin” yayılacağı haqda anons verilib. Bu isə o deməkdir ki, artıq heç bir şübhəyə yer yoxdur: səs yazıları məqsədli şəkildə, düşünülmüş formada, zamanına qədər hesablanaraq dövriyyəyə buraxılır.

“Niyə Babək Səmidli?” sualı açıqdır. Ancaq “uğurlu variant” olmadığını bu kampaniyaya başlayanlar təxmin etməli idilər. Axı indi Babək Səmidlinin səs yazısından istifadə edənlər özləri bir müddət öncə – polkovnik müharibədən sonra minaya düşərək, həlak olana qədər və o ərəfədə onun haqqında heç də müsbət rəy formalaşdırmamışdılar.

Babək Səmidlinin adı “Tərtər işi”ndə hallanıb, ona qarşı günahsız əsgərlərin həbsinə səbəb olması və onların sorğulanması zamanı qeyri-insani rəftara qədər, çoxsaylı ittihamlar səslənib. Hətta onun ölüm səbəbinin də “Sadıqov çetesi”nin əməli olduğu haqda hələ mərhumun nəşi qurumamış iddialar ortaya atılmışdı.

Babək Səmidli Ordumuzun polkovnikidir, şəhid statusu var və artıq heç vaxt sübut olunmayacaq bu ittiham və iddialar hansısa məna kəsb etmir. Ancaq sağlığında “Tərtər işi”ndə, ölümündən sonra isə Ordumuza qarşı kampaniyada ondan istifadə edilməsi də birmənalı qarşılanmamalıdır və reaksiya tələb edir.

Çoxları Babək Səmidlinin səs yazısında nələrdən danışdığını bilir – söhbət “birinci səs yazısı”ndan gedir: hücum edən tərəf düşməndən 3 dəfə güclü olmalıdır (kimi az qala orta məktəb şagirdinin bildiyi həqiqət), ancaq düşmənlə eyni gücdə olan qüvvələrimizə hücum əmrinin verilməsi “naşılığı”, əsgərlərimizin təchizatında çatışmazlıqlar (qoruyucu jiletlə tam təchizatın olmaması), xüsusi təyinatlıların döyüşə girməli olduğu halda o qədər də peşəkar olmayan gənclərdən ilkin vaxtda istifadə və s.

Babək Səmidlinin hərbi deyil, siyasi çalarlı sözləri də var: ilk toqquşmadaca məğlub olmağımız və Ali Baş Komandanın hərbi yolla torpaqları azad etməsi düşüncəsindən daşındırılması kimi məkrli plan, həqiqətlərin Prezidentə çatdırılmaması…

1. Babək Səmidlinin xidmət etdiyi yer – Ordumuzun əsas hücum strategiyasına daxil deyildi.

a) Suqovuşan istiqaməti keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində idi və Azərbaycan Ordusunun ilk gündəcə keçmiş muxtar vilayətin ərazisinə daxil olması beynəlxalq aləmdə yanlış təsəvvür və əleyhimizə təbliğatın yaranmasına səbəb ola bilərdi;

b) Əvvəlcə ətraf rayonlar işğaldan azad edilməli idi;

v) Azərbaycan hərbi-siyasi rəhbərliyi düşmənin boşluqlarını yaxşıca müəyyən edə bilmişdi və təsadüfi deyil ki, İlham Əliyev bir neçə dəfə DTX-nın müstəsna xidmətini vurğulamışdı. Suqovuşan və Ağdam istiqaməti – düşmənin hücum gözlədiyi əsas cinahlar sayılırdı və burda həm möhkəmləndirilmiş istehkamlar, həm də çoxsaylı qüvvələr cəmləşmişdi;

2. Əsas hücum istiqaməti olmadığı üçün də həmin cinahda xüsusi təyinatlılar və yaxud düşməndən üçqat artıq qüvvə saxlamağa ehtiyac yox idi.

Bu baxımdan Babək Səmidlinin düşmənlə eyni gücdə olduğumuz halda onlara hücum əmrinin verildiyini bildirməsi və bunu az qala xəyanət kimi dəyərləndirməsinin siyasi-hərbi əhəmiyyəti yoxdur. Tərtər istiqaməti düşmən qüvvələrinin manevrini azaltmaq, bütün gücünü cənub istiqamətinə çəkməsinin qarşısını almaq, iki cəbhəyə bölünməsini təmin etmək məqsədi daşıyırdı və müharibədən sonra bunu artıq qeyri-peşəkarlar da bilir.

Azərbaycan Ordusu şimal istiqamətində o qədər böyük qüvvə, texnika, silah-sursat və təminat saxlaya bilməzdi və saxlamamışdı da. Ancaq şimal istiqamətində vaxtaşırı hücumlar ermənilərin qüvvələrini tam şəkildə çəkib, cənuba aparmasının qarşısını alırdı.

Babək Səmidli hərbçidir, ona əmr verilir və bu əməliyyatı həyata keçirməsi tələb edilir. O öz arqumentlərində haqlı ola bilər, əsgər kimi hücum etdiyi istiqamətdə ciddi uğurlar qazanmaq istəyir və uğur əldə edə bilməməsinin səbəbi kimi bu faktları sadalayır. Ancaq deyəsən, biriləri Babək Səmidlinin hərbi rütbəsini və statusunu çox yüksək qiymətləndirməyə girişiblər: Babək Səmidli Ordumuzun hücum strategiyasını hazırlayan, onun taktikasını müəyyən edən, prosesi idarə edən mərkəzdən çox-çox uzaqda idi və hərbi-siyasi rəhbərliyin hansı hədəflər və hərbi taktika ilə hərəkət etdiyini bilmirdi, ona bu haqda məlumat da verilə bilməzdi. Ona yalnız “hücuma keç, al” deyilə bilərdi, “hücuma keç, baş qat” deyilə bilməzdi.

Şimal cəbhəsi ona görə ciddi uğurlara nail olmadı ki, bu, ali hərbi komandanlığın strategiyasına daxil deyildi. Əks halda “Harop” və “Bayraqdar”lar Suqovuşan istiqamətində düşmənin əsas qüvvələrini məhv edərdi.

3. Əməliyyatları xüsusi təyinatlıların aparmalı olduğu barədə ittihamlarında Babək Səmidli tam haqlıdır. Məsələ də bundadır ki, Ordumuz hansı istiqamətdə əsas hücumu həyata keçirirdisə, məhz orda XTQ öndəydi; bütün ciddi əməliyyatları xüsusi təyinatlıların apardığını bilməyən yoxdur. Şimal istiqamətində xüsusi təyinatlıların olmamasının səbəbi indi hamıya aydın olurmu?

4. Müharibənin başlanmasından çox-çox qabaq Ali Baş Komandan hərbi taktika, hücum strategiyası, manevrlər və sairi ən incə detallarına qədər müəyyən etmişdi: An-2-lərdən istifadə ilə düşmənin hava hücumundan müdafiə vasitələrinin yerinin müəyyənləşdirilməsinə qədər beynəlxalq hərbi ekspertləri belə heyran qoyan yeni taktikanın hazırlanması da, An-2-lərin buna uyğunlaşdırılması da döyüş gedə-gedə baş vermir.

Bu plan birbaşa İlham Əliyevin olduqca məhdud dairədə işləyib hazırladığı inanılmaz dərəcədə mükəmməl hərbi taktika idi. Onu kiminlə müzakirə etmişdi, kimləri dinləmişdi, necə qərar vermişdi – bu, nəinki Babək Səmidli, hətta Babək Səmidlinin tabe olduğu komandana, əksər generala, hətta MN-in ən yüksək postlarını tutanların da bir çoxuna bəlli deyildi.

Hərbi məxfilik maksimum qorunmuşdu, ən xırda əməliyyata belə İlham Əliyev şəxsən rəhbərlik edirdi – həm informasiya savaşında, həm meydanda, həm siyasi savaşlarda bütün zərbələri İlham Əliyev öz sinəsinə çəkmişdi.

Yadınıza salın müharibə zamanı irəliləmənin yavaş olması barədə narazılığını; xatırlayın müharibə zamanı verdiyi müsahibələri, atəşkəslə bağlı aparılan danışıqları və onun nəticəsizliyini…

Hər şey incəliyinə qədər düşünülmüş bir taktika, idealcasına hazırlanmış strategiya idi.

İlham Əliyev sanki 17 il ancaq və ancaq buna hazırlaşmışdı; XTQ-nin yaradılmasına qədər, Türkiyədə təhsil alan zabitlərin yetişməsinə qədər, xüsusi hazırlanmış əsgərlərə, PUA-lara qədər… – hər şey qələbə planının tərkib hissəsi olaraq illərlə qurulmuşdu. Hətta 44 günlük müharibə zamanı Azərbaycan ordusunun sürətli manevrləri və ordu qüvvələrinin yerdəyişmələri ABŞ hərbi dairələrini də heyran qoymuşdu.

5. Babək Səmidlinin səs yazısında Ordumuzun daha az itki verə bilməsi, əvəzində daha çox itki verdiyinə dair eyhamlar var və bundan bəziləri maksimum istifadə etməyə çalışır.

Düşmənin 12 minə yaxın şəxsi heyətinin məhv edildiyi, 35 min əsgərinin yaralandığı, döyüş texnikasının 85 faizinin sıradan çıxarıldığı, 10 min kv.km-dən çox ərazinin azad edildiyi, Şuşa kimi alınmaz qalanın heç bir ağır silah tətbiq etmədən, yüngül silahlarla alındığı bir əməliyyatda 3 minə yaxın şəhid verməyin çox olduğu haqda iddia səsləndirmək qeyri-peşəkarlıqdır. Özünə hörmət edən heç bir peşəkar hərbçi belə bir sözü dilinə gətirməməli, özünə hörmət edən heç bir şəxs bunu tirajlamamalı və bundan şəhid ailələrinin hissiyyatına toxunmaq üçün sui-istifadə etməməli idi.

Bu, o deməkdirmi ki, Ordumuz idealdır və orda xain, korrupsioner, rüşvətxor yoxdur?

Bu, o deməkdirmi ki, Ordumuzda nöqsanlar, yanlışlar yoxdur?

Bu, o deməkdirmi ki, 44 günlük savaşda heç bir səhv olmayıb?

Pis sürprizlər də olub, yanlışlar da, nöqsanlar da – yəqin ki! Siz niyə elə düşünürsünüz ki, beşqat müdafiə səddi çəkən düşmən hazırlıqsız idi? Mina sahələrinin hesablanmasında yanlışlıq da ola bilərdi və yaxud düşmən gecə ilə mina sürprizləri də hazırlayırdılar və yaxud düşmənin saysız-hesabsız minaatanları da vardı və s.

Ona görə savaşdan dərhal sonra müəyyən təmizləmələr də həyata keçirildi!

Amma bundan öncə daha mükəmməl gedişlər vardı: İlham Əliyev planın aşkar olunmaması üçün döyüş başlayandan iki gün sonra birilərini təcrid etdi; Azərbaycan Vətən savaşını Baş Qərargah rəisi olmadan qazanan bəlkə də dünyada yeganə ölkədir!

Bu da İlham Əliyevin taktikası idi, bunu da düşməni duyuq salmamaq üçün hesablamışdı.

Bu savaşda Baş Qərargah rəisi də, XİN də, nazir də, təbliğatçı da İlham Əliyev ÖZÜ idi və bacardı, nail oldu!

İkinci Qarabağ savaşının bir özəlliyi də odur ki, ələ keçirilən mövqelərin heç biri bir dəfə də olsun, geri verilmədi; Ordumuz bircə mövqedən də “manevr üçün” geri çəkilmədi: Yalnız və yalnız irəli getdi, mövqe aldı, şəhərləri azad etdi!

Əlbəttə, dünyanın heç bir ölkəsində heç bir struktur ideal deyil – bizim MN-də də problemlər var. Ancaq bu problemlər vaxtaşırı yaranır da, aradan da qaldırılır və bu, Ordumuzun “saat kimi” işləməsinə qətiyyən təsir etmir!

Bir də unudulmaması vacib olan məqam: Qaliblər mühakimə olunmur!

44 günə böyük bir qələbə əldə olunub və indi durub buna kölgə salmaq üçün biriləri rəhmətə gedən şəxsin hansısa ikitərəfli danışığından – bəlkə də o istiqamətdə uğur qazanmamasının səbəbinin primitiv, qarşı tərəfin anlaya biləcəyi səviyyədə izahından – sui-istifadə edir?

Birmənalı olaraq təxribat planıdır və o səsi ortaya bu cür çıxaran mütləq tapılmalıdır!

Teqlər: