Paytaxtın Xətai rayonu ilə Nizami rayonunu birləşdirən və ən çox istifadə olunan Babək prospektində yol nəqliyyat hadisəsi baş verib.
AzerTimes xəbər verir ki, yol qəzası saat 00:17 (6 iyuna keçən gecə) radələrində baş verib.
Hadisə zamanı 4 avtomobil toqquşub. Toqquşma nəticəsində tək xəsarət alan qadın sərnişin olub.
Daewoo Nexia markali avtomobildə, öndə oturan sərnişin olan qadının başı avtomobilin alın şüşəsinə çırpılıb və orta ağır qiymətləndirilən xəsarətlə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Qəzada Hyundai Acsent, Daewoo Nexia, Toyota Prius və Mercedes Benz E190 markalı avtomobillər toqquşaraq fərqli həcmdə zərər dəyib.
Şahidlərin dediyinə görə qəza səbəbkarı ağ rəngli Hyundai Acsent avtomobilinin sürücüsü olub.
Ən çox zərər dəyən avtomobillər Hyundai Acsent və Daewoo Nexia markalı avtomobillər olub.
Hyundai Acsent avtomobilinin sürücüsü və sərnişinləri çəkiliş zamanı avtomobilin dövlət qeydiyyat nişanlarını çıxarıblar. Dövlət qeydiyyat nişanları çıxarılan zaman gözümüzdən qaçmayan standart olmayan qara rəngli, bir cüt qeydiyyat nişanları oldu.
Digər iki avtomobillər – Toyota Prius və Mercedes Benz E190 avtomobilləri isə yüngül zədə alıblar.
Hadisə yerində böyük insan kütləsi ilə yanaşı bir neçə YPX əməkdaşları və PPX əməkdaşları var idi.
Hal-hazırda qəza ilə bağlı araşdırma aparılır.