Polis polkovniki, Birinci Qarabağ müharibəsində əməliyyat-istintaq qrupunun rəhbəri, Ağdamın sabiq icra başçısı, işlədiyi müddətdə vaxtaşırı olaraq medianın gündəminə mənfi mənada düşən və barəsində heç də birmənalı rəy olmayan, sərvəti və var-dövləti illərlə müzakirə obyektinə çevrilən Nizami Sadıqovun AzerTimes-a müsahibəsi:
– 15 il cəzaçəkmə müəssisəsində, 22 il polis orqanlarında işləmisiniz, polkovniksiniz. O cümlədən də icra başçısı olmusunuz. Səmimi olsaq, özünüzü ən rahat harada hiss eləmisiniz?
– 10 il internat məktəbində olmuşam. Türmə qədər olmasa da, internat asan yer deyil. 6 yaşından evdən çıxırsan və özün özünün qayğısına qalırsan. Mənim uzun illər sistemdə işləyə bilmə səbəbim internat məktəbində oxumağım, nizam-intizama, məsuliyyətə öyrəşməyim olub. Deyirlər, türmədə işləmək çətindir, amma mənim üçün elə deyil. Hər bir işin mənimçün ayrı yeri olub. Devizim isə budur: İnsanlara yalan danışma, vicdanlı ol, işini gör!
– Amma belə bir ifadə də var ki, siyasət yalançılıq sənətidir…
– Qurani-Kərimdə də belə bir məsələ var ki, xeyirhaq iş, yaxud qanı yatırtmaq üçün yalan da danışa bilərsən. Xalqın, vətənin xeyrinə yüngül bir yalan danışırsansa, burada qəbahət görmürəm. Amma tamah məqsədi ilə danışırsansa, bu, başqa məsələ.
– Ağdamda başçı olduğunuz illərdə fəaliyyətinizi kitab şəklində yazmısınız. Deyəsən, icra başçılarından hələ heç kimin belə “hesabat” kitabı yoxdur?
– Bəli. Bu barədə ilkə imza atmışam. Bunun niyyəti, məqsədi Ağdamın 5 illik tarixidir. Özümü bu tarixə düşmüş adam hesab edirəm. Orada etdiyim işləri, başıma gələn hadisələri yazmışam. Bəlkə elə kimlərinsə yadından çıxa bilər bu işlər.
– Amma deyəsən, bir az da kimlərəsə “görk olsun” deyə yazmısınız…
– Xeyr. Bu, sadəcə, içimdən gələn bir hiss idi. Polis orqanlarında olanda belə gördüyüm işləri saxlayırdım ki, gələcəkdə lazım ola bilər. Yazmaqda bir qəbahət yoxdur. Əksinə, məsələn, bunun özü gələcək başçılara stimul ola bilər. Hansı ki, hər şey faktlarla, hətta şəkillərlə qeyd olunub. Bununla göstərirəm ki, başçı kimi də boş dayanmamışam və belə də olmaq olar.
– Görk olsun deyə yazdığınızı ona görə dedim ki, kitabınızın ilk sözü belə başlayır: “İndi oxuyacağınız bu xatirə-kitabı yazmağa məni kölgəmi qılınclayan bir vəzifəli ağzıgöyçəyin qarama dediyi sözlər vadar elədi”.
– Hə, o başqa məsələdir. Məndən sonra işləyən başçı Raqub Məmmədov demişdi ki, Nizami müəllim Ağdam üçün nə edib? Yaxşı, onda mən elədiklərimi yazdım, bu, elə meydana çağırmaqdır həm də. Qoy görək sən nə edəcəksən? Elə heç nə də edə bilmədi də.
– Demək, aranız yox imiş sizdən sonrakı başçı ilə…
– Yox, ara deməzdim, amma haqq var, halallıq var. Xudu Məmmədov adına park salmışdım. Onun xatirəsinə çinar ağacları da əkmişdim, amma o həmin ağacları çıxardıb özünün çayxanasında əkdi. Bu əməlin adı nədir? Oralarda şitillik də yaratmışdım, gedəndə əlli min ştili hədiyyə vermişdim. Heç başçı olmayanda da ora üçün işlər görürdüm.
– Necə düşünürsünüz, sizdən sonrakı başçı etdiyiniz işləri niyə görməzdən gəldi?
– Hesab edirəm ki, insanın bir əqidəsi olmalıdır. Əgər əqidə saxtadırsa, hara qoysan, heç nə olmayacaq. Məsələn, məndən sonrakına verdiyim ştillikdə sarımsaq, kartof əkib, işçilərə satdı. İndiki yaxşıdır, iş görür. Amma məndən sonrakı haqqında bunu deyə bilməyəcəm. O, yaxşı işləyə bilmirdi. Bilirsiniz, bunlar bir az da tamah məsələsidir. Atalar boş yerə deməyib ki, artıq tamah baş yayar. Başçı da tamahkar olsa, vəssalam. Elə ona görə də Raqub cəmi 3 il işlədi, çıxartdılar.
– Özünüz necə, Ağdam camaatından razısınızmı? Gördüyünüz işlərə qarşılıq sizə hörmət etdilər?
– Vallah, hərdən gedirəm rayona, bir aya kimi qalıram və bir dəfə də bazarlığa getmirəm. Orada olduğumu eşidən, bilən hamı hörmət əlaməti olaraq pay-pürüş gətirir. Heç etiraz da edə bilmirəm. Gətirdiklərini götürməsəm, inciyərlər. Yadımdadır, polis orqanlarında olanda bir xanıma köməyim dəymişdi. Bir də gördüm, zənbildə xoruz gətirib. Ha elədim ki, lazım deyil, incidi. Əlacsız qalıb götürdüm. Onlar da düşünür ki, bu cür qarşılıq verməlidirlər. Nəinki Ağdam, işlədiyim digər rayonlarda da özümə qarşı həmişə hörmət-izzət görmüşəm. Ağdama getmədiyim müddət məndən sonrakı başçının olduğu illər idi. Düz üç il getmədim ki, ora camaatı gəlib mənimlə görüşəndən sonra başçı onları incitməsin.
– Məşhur deyim var, “ədalətli rəhbər olmur”…
– Mənim üçün əsas odur ki, sənə tapşırılan işi ədalətlə yerinə yetirə biləsən. Rəis olanda da, başçı olanda da istənilən məsələyə ədalətlə yanaşmışam. Atamın, anamın ruhuna and olsun ki, rüşvət götürməmişəm.
– Təklif etməmiş olmazlar amma…
– Çox olub. Məsələn, təzə vəzifəyə gedəndə kimsə fikirləşir ki, onu işdən çıxardacaqsan, gətirib pul təklif edir. Mənə belə təkliflər olanda geri çevirirdim. Daha dəqiq, məsələn, deyirdim, mənə verəcəyin pulu apar rayonun filan işinə yatır. Mən onsuz da işini doğru-düzgün görən adamı niyə çıxardım ki? Bir manat belə götürməmişəm.
– Övladlarınız da vəzifədədir? Azərbaycansayağı desək, onlara gün ağlamısınızmı?
– Onda mən də azərbaycansayağı cavab verim: Maşallah, hamısının yaxşı şəraiti var, amma günü özləri özlərinə ağlayıb. Mən sadəcə, onları istiqamətləndirib, yetişdirmişəm, lazım olan əxlaq və tərbiyəni vermişəm. İki qızım, iki oğlum var. Qızlarımın biri həkim, digəri isə rəssamdır. Böyük oğlum Nicat Sadıqov Argentinadakı səfirliyimizdə birinci katibdir. Balaca oğlum Rəşad Sadıqov isə müharibəyə qədər polisdə işləyirdi, məhz müharibə başlayanda istefa verdi ki, cəbhəyə yollansın. Düzdür, birbaşa döyüşə girməyə ehtiyac olmadı, amma mən daxil ailəmiz gedib oturduq Quzanlıda, arxa cəbhəyə kömək etdik. Oğlanlarım təkcə yaxşı dostları ilə birlikdə yüz min manata yaxın vəsait toplayıb, orada nə lazımdırsa, həll etdilər.
– Birinci Qarabağ müharibəsində əməliyyat-istintaq qrupunun rəhbəri olmusunuz, Salatın Əsgərovanın, o cümlədən, Xocavənddə fermada yandırılan adamların qatillərini aşkara çıxartmısınız. Detalları maraqlı olardı…
– Hə, elədir. Xocavəndin Qaradağlı kəndində 6 nəfəri diri-diri yandırdılar. Demək, bir həyətə girib erməni tutmaq lazım idi. Əsasən silahlıları axtarırdıq. Həmin gün iki nəfəri Şuşaya gətirdik. Onlardan biri Azərbaycan dilini dəqiq bilmirdi, amma digərindən dəqiq şübhələndim. Tez hiylə işlətdim. Adil var idi, ona dedim, azərbaycanca sənə deyəcəm ki, bundan bir şey çıxmaz, aparıb boğun, meyitini də gizlincə basdıraq. Belə də oldu. Qapının arxasında onlara eşitdirirmiş kimi etdik. Elə ki, otağa qədər apardıq, birdən Azərbaycan dilində “mənə dəyməyin, hər şeyi danışacam” – dedi. Onu deyim ki, mənim kəşfiyyat məsələlərim Azərbaycana çox xeyir verib. Uzun illər kəşfiyyatçı kimi çox işlə məşğul olmuşam, çox sirli məsələlərin üstü açılıb. Sabiq daxili işlər naziri Ramil Usubov da bu işlərə rəhbərlik edib.
– Samvel Babayanın gizli həbs edib Bakıya gətirilmə əməliyyatı da sizlikdir, hə?
– Bəli, həmin əməliyyatı mən təşkil eləmişəm. Onun tutulması, evindən götürülməsinə rəhbərlik edirdim.
– Amma sonra Samvel Babayanı əsirlə dəyişiblər. Kimdir o əsir, gizli deyil ki?
– Yox, gizli deyil, deyə bilərəm. Şükür Rzayev var idi, Bakı Şəhər Prokuroru. Samvel Babayanı onunla dəyişdilər.
– Qədir Rüstəmovdan tutmuş bir çox sənətçilərlə də münasibətləriniz olub. Necə xatırlayırsınız Qədir Rüstəmovu?
– Hə, gözəl sənətkar idi Qədir Rüstəmov. Təzə gələndə məni təbrikə gəlmişdi. Dedim, bəs ayda sənə pul ayıracam, dolanışığın düzəlsin. Qayıtdı ki, ay rəis, bir halda ki, pul ayırırsan, onu mənə kom ver, işimi bilim. İstəyirdim ki, Qədir və digər böyük sənətkarlar Ağdamda tez-tez görünsün, əhalinin stimulu olsun.
– Ağdam işğal olunanda polis rəisi idiniz. O günü necə xatırlayırdınız? Deyilənə görə, işğala görə toyda-bayramda oynamırdınız da.
– Doğrudur, rəis işləyirdim. Həmin gün indiki kimi yadımdadır. Mən o gündən sonra bir dəfə də qol qaldırıb toylarda oynamadım, utandım. Düşünürdüm ki, məsələn, Masallıda rəisəm, şadyanalıq edərəm, deməzlər ki, orda torpağını alıblar, bu burada oynayır? Sonra da şərait elə gətirdi ki, ayaqlarım sözümə baxmadı, oynaya bilmədim. Bir dəfə toyların birində qələbə qazanandan sonra qol qaldırdım, vəssalam.
– Tam səmimi, yenidən başçı olmaq istəyərdiniz?
– Bilirsiniz, mən müsahibə boyu ədalətli, vicdanlı olmaq barədə sözlər dedim. Bunların heç biri qeyri-səmimi deyil. İndi ona görə başçı, ya hansısa vəzifədə olmaq istəmərəm ki, səhhətim buna imkan vermir. Üstəlik, yaşım da var. Əgər 60 yaşım olsaydı, hə. Yoxsa bu yaşımda, bu səhhətlə insanlara, dövlətə necə xidmət edə bilərəm?!