Birinci Qarabağ müharibəsində əli mülki azərbaycanlıların qanına batan “qəhrəman”, Qarabağdakı keçmiş terrorçu-xunta rejimində bir vaxtlar “vəzifə” daşıyan Samvel Babayan Xankəndidən İrəvana qaçmağa nail olduqdan sonra sensasion bəyanatlarla çıxış edir.
AzerTimes xəbər verir ki, o, ötən gün Ermənistan İctimai Televiziyasına müsahibəsində “dq”nin 22 “deputatı”, o cümlədən Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və Samvel Şahramanyanın (separatçıların keçmiş və indiki başçıları – red.) məhkəmə qarşısına çıxarılmalı olduqlarını bildirib.
O deyib ki, əgər bu şəxslər Azərbaycan hüquq-mühafizə orqanlarından yayınmağa və İrəvana qaçmağa nail olarlarsa, Ermənistanda onlar məsuliyyətə cəlb edilməlidir:
“Bu cinayətkarlar cavab verməlidirlər, Ermənistan Respublikasının ərazisinə daxil olan kimi onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.
Babayan iddia edib ki, ermənilərin mədəni muxtariyyətini saxlamaq üçün Bakı ilə danışıqlar aparmağa çalışıb və 23 bənddən ibarət sənəd hazırlayıb. O, guya bu sənədə Azərbaycanın razılaşdığını da bildirib:
“Biz Qarabağ ərazisində muxtariyyət yarada bilərdik, 4400 kv.km ərazidə öz mühafizəmiz ola bilərdi. Bu insanlar istəmədi. Mən vasitəçilik yolu ilə danışıqlar apardım, Azərbaycan razılaşacaqdı”.
Buna baxmayaraq, Samvel Babayan heç bir rəsmi görüşə buraxılmadığı, müzakirələrə dəvət edilmədiyini də bildirib və buradan da aydın olur ki, onun “Azərbaycan razılaşacaqdı” iddiası yalnız düşmənlərinə – Qarabağın separatçı-terrorçu liderlərinə qarşı hücumudur.
Qeyd edək ki, həqiqətən də, Samvel Babayan 44 günlük müharibədən sonra Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiya olunmağının tərəfdarı kimi çox hiyləgər bir planla çıxış edirdi. O bildirirdi ki, inteqrasiyaya razılaşırlar və separatçı qurum özünü buraxır, əvəzində Azərbaycandan müəyyən müstəsna hüquqlar ala bilərlər. Ancaq 10 noyabr 2020-ci ildə Prezident İlham Əliyev Qarabağda bir ovuc erməniyə heç bir status verilməyəcəyini rəsmən elan etmişdi və bu mövqeyini dəfələrlə təkrarlamışdı.
Buna görə də Babayanın hazırladığı “plan” yalnız daxili çəkişmələrdə istifadə edilirdi və bu təkliflər heç bir halda danışıqlar predmeti olmayıb və Bakının nümayəndəsi də heç o “təklifləri” almayıb.
Zəruri olaraq qeyd edək ki, Babayan bir müddət öncə “23 bəndlik sənəd” hazırladığını bildirsə də, o sənədi ictimai şəkildə yaymağa da vaxtı çatmadı – antiterror əməliyyatı başladı.