Qarabağın bir hissəsində, rus sülhməramlıların himayəsi altında fəaliyyət göstərməyə çalışan erməni separatçı ünsürlərin “vahid vətən partiyasının” rəhbəri Samvel Babayan “Bakı ilə dialoqa” çağırış edib.
AzerTimes xəbər verir ki, özünü danışıq tərəfdarı və “güzəştlərə hazır”, separatçılardan daha fərqli mövqe göstərən şəxs kimi təqdim etməyə çalışan Babayanın təklif etdiyi “dialoq formatı” onun əsl mahiyyətini ifşa edir.
O bildirib ki, “Bakı ilə Xankəndi arasında dialoqun başlaması” zəruridir: “İnam yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışmaq lazımdır ki, insanlar dinc və normal yaşasınlar”.
Babayan bundan sonra “ikinci məsələyə” – qalan problemlərin müzakirəsinə – keçəcəklərini iddia edib: “Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik. İkinci “siyasi qüvvə” kimi təcili danışıqların əleyhinə deyiləm. Amma ilk növbədə bir-birimizə qarşılıqlı etimadın aşılanması üçün dialoq aparacağımız məqamlarla bağlı sənəd formalaşdırmalı, sonra başqa məsələlərə keçməliyik”.
Qeyd edək ki, hətta keçmiş Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal altında olanda belə Azərbaycan separatçıları “tərəf” kimi tanımayıb və Ermənistanla danışıqlar aparıb. Hazırda Azərbaycan böyük hərbi zəfər qazanandan və Ermənistan Azərbaycanın Qarabağ və anklavlar da daxil olmaqla, ərazi bütövlüyünü tanıyandan sonra “Xankəndi ilə” hər hansı formatda danışıqlar aparması qeyri-mümkündür.
Xankəndi və ətrafında yaşayan erməni icması ilə yalnız Azərbaycana inteqrasiya müzakirə oluna bilər ki, Bakının da tələbi budur və bunu separatçıbaşı Araik Arutyunyan da etiraf edib.
Bu baxımdan Babayanın “siyasi müdriklik” göstərməsi əbəsdir.