AzTV, İdman TV və Mədəniyyət TV-nin bir gün əvvəl HD yayıma keçməsi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üçün tarixi hadisə kimi yadda qalıb.
Bu hadisəni uzun müddətdir gözləyən həm Azərbaycan tamaşaçısı, həm də dünyada bu kanalları izləyənlər müxtəlif vasitələrlə QSC ilə əlaqə yaradaraq xoş fikirlərini səsləndiriblər.
QSC-nin nəzdində fəaliyyət göstərən hər üç kanalın HD formatında yayıma başlaması ilə bağlı mütəxəssislər də öz fikirlərini bölüşüblər.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz AzTV-nin HD yayıma keçməsinin kifayət qədər əhəmiyyətli məsələ olduğunu deyib: “Əvvəl efirə baxanda yayımın keyfiyyətinin qaneedici olmadığı görünürdü. TV-nin yeni rəhbərliyi bu məsələni aktuallaşdırdı, nəticədə isə artıq efirin daha keyfiyyətli olduğu göz qabağındadır.
Lakin TV-nin çəkiliş apardığı hər bir avadanlıq HD-nin tələblərinə cavab verməlidir. HD yayım üçün server otaqları, mərkəzi aparat və daxili otaqlardakı cihazlar kifayət etmir. Bunun üçün operatorlar, maşınlar, ötürücü antenalar, dronlar olmalıdır. Hətta helikopter də lazımdır.
Baxmayaraq ki, əvvəl də TV-yə vəsait ayrılıb, lakin keyfiyyətli yayım istiqamətində yetərli addımlar atılmayıb.
AzTV-nin yeni rəhbərliyinin bu cür texniki məsələlərə, müasir standartlara cavab verən efirə diqqət yetirməsi təqdirəlayiqdir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı HD yayıma keçidin məsuliyyətinin AzTV-nin yeni rəhbərliyinin üzərinə düşdüyünə diqqət çəkib: “Bildiyimə görə, bu keçid 2020-ci ildə baş tutmalıydı, amma Azərbaycan Televiziyasının əvvəlki rəhbərliyinin işi düzgün qurmaması nəticəsində bu iş yeni rəhbərliyin çiyinlərinə düşdü. Ona görə nisbətən gecikdi, amma yeni rəhbərlik bu məsələni həll edə bildi. Biz HD formatına keçidlə məhdudlaşmamalıyıq, daha yeni texnologiyalar var, o texnologiyaların arxasınca getməliyik. Bu işlər hamısı addımbaaddım həyata keçirilir”.
“Əməkdar jurnalist”, teletənqidçi Qulu Məhərrəmli bütün TV kanallarının 2020-ci ilə kimi HD yayıma keçməli olduğu halda, AzTV-nin bu işdə geri qaldığını vurğulayıb: “HD formatına keçid AzTV tarixi üçün ciddi texnoloji hadisədir. Amma sual yaranır ki, ölkənin bir nömrəli telekanalı niyə rəqəmli yayıma bu qədər gec keçir? Axı dövlət proqramına görə, ölkədəki telekanallar artıq 2020-ci ilə qədər rəqəmli yayıma keçməli idilər. Digər kanallar bu işin öhdəsindən gəldiyi halda, niyə AzTV geridə qalmışdı? Axı dövlət hər il bu kanalın normal çalışması, o cümlədən ən yeni texniki avadanlıqla təchiz edilməsi üçün xeyli maliyyə ayırırdı”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan Televiziyasının, İdmanTV və Mədəniyyət TV-nin HD formatında yayıma keçidini milli televiziya tarixində yeni mərhələ kimi qiymətləndirib: “Bu, Azərbaycan Televiziyasının verilişlərinin daha baxımlı və daha keyfiyyətli olmasında, heç şübhəsiz ki, öz sözünü deyəcək. Böyük uğur, addım və irəliləyişdir. Məktəb yaratmış Azərbaycan Televiziyası artıq növbəti mərhələlərdə məhz bu imkanlardan istifadə edərək daha geniş, çoxşaxəli yayımla qarşımızda olacaq”.