Sosial şəbəkələrdə AzTV-də Nadir şahın və əfşarların fars kimi qələmə verilməsinə mənim cavab verməyimi istəyirlər. Qısa olaraq fikirlərimi bildirim:
Birincisi, Nadir şah Əfşar – “son fateh” kimi tarixə düşən dünyaca məşhur sərkərdədir. İşğalçıları qovan və yeni Azərbaycan imperiyasını yaradıb gücləndirən bir şah kimi Azərbaycanın qürur mənbəyidir.
Nadir şah Azərbaycan adı altında vahid inzibati bölgü yaradaraq onu imperatorluğun mərkəzinə çevirmişdi. Şöhrəti və parlaq hərbi yürüşləri o qədər məşhur idi ki, hətta Napoleon özünü Avropadakı “Yeni Nadir” hesab edir və ondan təsirlənirdi. Fransız imperatorunun Fətəli şah Qacara yazdığı məktublarında Nadir şahı düşmənlərini vahiməyə salan böyük döyüşçü adlandıraraq, heyranlığını dilə gətirirdi.
İkincisi, əfşarlar — 24 oğuz boyundan biridilər; qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə “Divani Lüğət-it-Türk”dəki iyirmi iki oğuz boyundan altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.
Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Bəziləri iddia edirlər ki, əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışlar. Nadir şah öz soy-kökünün Azərbaycan torpaqlarında olduğuna əmin idi. Bununla bağlı “Tadhkirat al-mulūk. A manual of Ṣafavid administration, circa 1137/1725. Persian text in facsimile-B.M. Or. 9496. Translated and explained by V. Minorsky”, səh.164-də yazılır: “Əfşar tayfası bütöv İran üzrə səpələnib, lakin burada mətnimiz [Təzkirətülmülük] tayfanın Urmiya gölünün güney sahilində və Marağadan güneydə məskunlaşan hissəsini nəzərdə tutur. Nadir Şah 1730-cu ildə burada öz tayfasının “ana yurdunu” tapmağa şad olmuşdu”.
Türkiyəli tədqiqatçı A.Kaya “Əfşar türkmənləri” əsərində də bu fikri təsdiq edir.
Nadir şah türkcə danışardı. Bütün ətrafı – hətta Türkiyə sultanı və Hindistan şahları ilə də. Amma fars dilini təmiz bilirdi. Ərəb dilini isə pis bilirdi.
Nadirin mənşəyindən söhbət açanlar onun “qılıncdan yarandığını” yazırlar. Sadə bir kəndli ailəsində dünyaya göz açmış, öz qabiliyyətləri sayəsində yüksəlmiş Nadir şah qətiyyən fars deyildi və farsa heç bir aidiyyəti də yoxdur. Onun “fars” kimi qələmə verilməsi tarixi tamamilə saxtalaşdırmaqdan başqa bir şey deyildir.
Bütövlükdə Nadir şahın Oğuz-türkmən soylu əfşar boyundan olmasını Mirzə Mehdi Astarabadi, Məhəmməd Kazım Mərvi, A.A.Bakıxanov, L.Lokkart, K.Bosvort, Stenli Len-Pul, V.Minorski, E.Şmidt, S.R.Kişmişev, Ə.Kəsrəvi, S.Nəfisi, M.R.Arunova, P.Q.Butkov, eyni zamanda, bir çox çağdaş tədqiqatçılar da yazıblar. İngilis müəllifi K.Bosvort, M.Aksvorti, L.Lokkart yazırlar ki, Nadir şahın təmsilçisi olduğu əfşar – Oğuz-türkmən soylu əfşar tayfasıdır.
Nadir şah özü Osmanlı dövlətinin sədrəzəmi Əli Paşa Həkimoğluna göndərdiyi məktubunda yazır:
“Mənim cəddim müqəddimə Çingiz xurucunda Ruma gedən ali-Osmanın cəddi Ərtoğrulun qarındaşı olub, babaları Süleyman şah suya qərq olduqda mənim cəddim İrana getmiş idi”.
Eyni zamanda Nadir şahın şəxsi səlnaməçisi Mirzə Mehdi xan da yazır ki, Nadir şah türkmənlərin əfşar boyundandır.
Bu barədə çox yazmaq olar, məncə kifayətdir.
Soruşurlar ki, bəs Nadir şahın niyə bu qədər qələbələri ola-ola, onlar farsın ayağına bağlanır?
Cavab sadədir: Nadir şah Əfşarın hərbi yürüşlərini erməni katalikosu Abram Tekirdağlı (Abram Kretasi) qələmə alıb və bunun özü də suala cavabdır.