AzTV-nin Analitik qrupu Quba ictimaiyyəti ilə görüşüb (FOTO)

Tamaşaçı auditoriyasının rəy və təkliflərini yerindəcə öyrənmək
məqsədilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin
nəzdində yeni yaradılmış Analitik qrup üzvləri Qubaya səfər edib və
rayon ictimaiyyəti ilə görüş keçirib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, yerli tamaşaçı auditoriyasının rəy və təklifləri
yerindəcə dinlənilib, fikir mübadiləsi aparılıb. Televiziya
nümayəndələrinin Qubaya səfərinin məqsədi həm də paytaxt və region
sakinlərinin könlünü oxşayan ənənələri yenidən bərpa etməkdir.

Görüşdə Azərbaycan Televiziyasının Analitik qrupun rəhbəri,
əməkdar jurnalist Faiq Hüsiyev, tanınmış televiziya aparıcısı,
Əməkdar artist Nərgiz Cəlilova, televiziyanın proqram direktorunun
müavini Bəxtiyar Qaraca iştirak ediblər. Azərbaycan Televiziyasının
fəaliyyətinin müqayisəli təhlili, həmçinin yaradıcı strukturlarının
fəaliyyət effektivliyi, televiziya və radio layihələrinin
aktuallığının ilkin təhlili və qiymətləndirilməsi haqda məlumat
verilib, son dövrlərin keyfiyyət dəyişikliyi diqqətə
çatdırılıb.

Görüşdə qeyd olunub ki, tamaşaçılarına müxtəlif sahələrlə bağlı
zəngin verilişlər təqdim edən Azərbaycan televiziyası dəyərlərimizi
yaşatmaqla fəaliyyətini uğurla davam etdirir. Ədəbi dil
normalarının və milli-mənəvi dəyərlərimizin qorunmasında AzTV,
Mədəniyyət və İdman telekanallarının əvəzsiz xidmətləri var.
Bununla yanaşı respublikamızın regionlarında yaşayan izləyicilərin
maraqlarına cavab vermək də televiziyanın prioritetlərindəndir.


Analitik qrupun rəhbəri Faiq Husiyev: “Bildiyiniz kimi AzTV yeni
inkişaf mərhələsinə qədəm qoyub və bu yeni inkişaf mərhələsinin
bizə görə göstəricilərindən biri də ictimai rəyin yerlərdə
öyrənilməsindən ibarətdir və bizim üçün proqram siyasətində,
ümumiyyətlə gələcək inkişaf proqramımızda yeniliklərin
reallaşdırılması ilk növbədə tamaşaçı rəyinin öyrənilməsi ilə da
bağlıdır. Bu baxımdan düşünürəm ki, Qubada keçirilən bu görüş
bundan sonra respublikamızın digər regionları üçün də mütəmadi
olacaq və mənə görə böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, əldə edilən məlumatlar əsasında televiziya və
radionun ümumi inkişaf perspektivləri nəzərdən keçiriləcək, təklif
və proqnozlar hazırlanacaq və teleşirkət rəhbərliyinə təqdim
olunacaq.

Teqlər: