AzTV Mənsum İbrahimovla bağlı filmdə niyə dəyişiklik edib?

“Mənsum İbrahimovla bağlı filmin çəkilişi elə dövrə düşdü
ki, bütün planlarımız dəyişdi”.

Bu barədə Azərbaycan Televiziyasının Kinoproqramlar və dublyaj
redaksiyasının rəhbəri, filmin rejissoru Elnur Məmmədov “Qürurun
təntənəsi” sənədli filmi ilə bağlı danışarkən deyib.

E.Məmmədov filmin Xalq artisti Mənsum İbrahimovun 60 illiyi
münasibətilə çəkildiyini deyib.

Bildirib ki, filmin çəkilişlərinə 2020-ci ilin yay aylarında
başlayıblar, lakin Vətən müharibəsinin başlaması planları dəyişib
və tamamilə fərqli məcraya yönəldib.

“Biz filmlə bağlı plan quranda ağlımıza gəlmirdi ki, müharibə
başlayar, torpaqlarımız işğaldan azad olunar və biz çəkilişlərimizi
Qarabağda apararıq. Şuşaya bayrağımız sancılandan sonra düşündük
ki, niyə biz filmimizin bir hissəsini o torpaqlarda çəkməyək?”, –
deyə E.Məmmədov qeyd edib.

Beləliklə, filmin bir hissəsi Şuşada və Ağdamda çəkilib. Mənsum
İbrahimov Şuşanın tarixi məkanlarında, Ağdamın yerlə-yeksan edilmiş
abidələrinin qalıqları arasında canlı ifalar da edib.


Lakin film bununla yekunlaşmır. Azərbaycanın ən qədim şəhər və
qəsəbələrində yaşayan insanların Xalq artisti ilə bağlı fikirləri
də sənədli filmdə yer alıb.

Bölgələrdə yaşayan misgər, saatsaz, balıqçı və digər sadə
insanların Mənsum İbrahimovu necə tanıdıqları “Qürurun təntənəsi”
filmində nümayiş olunacaq.

Ssenari müəllifi Mintac Elsevərin olduğu sənədli film fevralın
19-u saat 15:00-da AzTV-də nümayiş olunacaq.

https://www.youtube.com/watch?v=8VCcLSB_adM

Teqlər: