Azərbaycan Televiziyası Xocalı soyqırımının 30-cu ildönümü
münasibətilə 3 bədii-sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, filmlərdən biri Milli Qəhrəman Allahverdi Bağırova
həsr olunub. Digər filmdə dünyaşöhrətli fotomüxbir Rza Diqqətinin
Xocalı soyqırımından sonra şahidi olduqlarından bəhs edilir. Daha
bir film isə Xocalı sakininin yaşadığı faciələr əks olunur.
A.Bağırova həsr olunmuş film “Allahverdi” adlanır. Bədii-sənədli
filmdə onun Birinci Qarabağ müharibəsi zamanı keçdiyi şücaətli
döyüş yolu əks olunur.
Milli Qəhrəman 1992-ci ildə Xocalı faciəsindən sonra əsir düşmüş
1500-ə yaxın azərbaycanlının xilas edilməsinə və geri
qaytarılmasına nail olub.
Filmdə Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları,
əsirlikdən xilas etdiyi qadın həmin günləri xatırlayıblar, onunla
bağlı xatirələrini dilə gətiriblər.
Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatoru
Elşən Bədəlov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin
Musağoludur.
AzTV-nin Rza Diqqətinin şahidi olduqlarından bəhs edən filmi isə
“Danışan fotolar” adlanır.
R.Diqqəti Xocalıda soyqırımı xəbərini alan kimi Azərbaycana
gəlib, çətinliklə Ağdama yol tapıb və burada Xocalı sakinləri ilə
görüşüb. O, əsirlərin, meyitlərin dəyişdirilməsi prosesində iştirak
edib, gördüklərini lentin yaddaşına köçürüb. Fotomüxbir filmdə
şahidi olduğu hadisələri dilə gətirib.
Sənədli filmdə Xocalı faciəsinin ağrı-acısını yaşamış Nazilə
Məmişova, Famil Salahov, Valeh Hüseynov və digərlərinin
müsahibələri yer alıb.
“Danışan fotolar”ın quruluşçu rejissoru Elnur Məmmədov, ssenari
müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, montaj
rejissoru Zurab Salmanoğludur.
Növbəti film isə “Zirzəmi” adlanır və ermənilərin Xocalıya
hücumu zamanı zirzəmidə gizlənmiş bir qadının – Mehriban
Bəkirovanın faciə dolu həyat hekayəsini əks etdirir.
M.Bəkirova başına gələn müsibətləri filmdə özü danışır, hiss və
həyəcanını dilə gətirir.
Belə ki, soyqırımı günü o, digər Xocalı sakinləri, əsasən,
qadın, uşaq və qocalarla birgə zirzəmidə erməni hücumundan
gizlənib. Üç övladı olan Mehriban həmin zirzəmidə 4-cü uşağını da
dünyaya gətirib. Elə həmin vaxt da zirzəmidəkilər ermənilər
tərəfindən əsir götürülüblər. Qucağında iki körpəsi olan Mehriban
əsir aparılarkən körpənin birini itirib. Körpəni rus jurnalist
tapıb, gətirib anasına verib, həmçinin əsirlikdən azad olunmasına
nail olub.
Filmin ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu rejissoru
Zaur Zeynal, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri
Məmmədhüseyn Mehdizadə, layihə rəhbəri isə Həmid Əsədzadədir.
Hər üç film fevralın 26-sı AzTV-də və “Park bulvar”da yerləşən
“Park cinema” kinoteatrında da nümayiş olunacaq.
“Allahverdi” filmi “Park cinema”da saat 15:50-də, 17:50-də və
19:50-də göstəriləcək.
“Danışan fotolar” filmi isə saat 15:10-da, 17:10-da və 19:10-da
nümayiş olunacaq.
“Zirzəmi” filminə baxmaq istəyənlər saat 14:30-da, 16:30-da və
18:30-da “Park cinema”ya yaxınlaşa bilərlər.
Filmləri izləmək ödənişsizdir.
Hər kəsi filmləri izləməyə dəvət edirik.
Xocalıya ədalət!
“Allahverdi” filminin anonsu:
“Danışan fotolar” filminin anonsu:
“Zirzəmi” filminin anonsu: