Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə
start verir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan
müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin
köməkliyi ilə həyata keçirilir.
Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət
olunurlar.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aşağıdakı bölgə
və şəhərlərin sözügedən təşkilatlarına təqdim etməlidirlər:
- Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı,
Biləsuvardan Lənkəran Regional Mədəniyyət İdarəsinə; - Bərdə, Yevlax, Xocalı, Xocavənd, Tərtər, Ağdam, Ağcabədi,
Cəbrayıl, Füzulidən Bərdə Regional Mədəniyyət İdarəsinə; - Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Qobustan,
İsmayıllıdan İsmayıllı Regional Mədəniyyət İdarəsinə; - Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən bölgələrindən Xaçmaz
Regional Mədəniyyət İdarəsinə; - Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən bölgələrindən, Şəki və
Mingəçevir şəhərlərindən Şəki Regional Mədəniyyət İdarəsinə; - Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli,
Beyləqan bölgələrindən və Şirvan şəhərindən Sabirabad Regional
Mədəniyyət İdarəsinə; - Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın,
Tovuz, Qazax, Ağstafa, Şəmkir bölgələrindən, Gəncə və Naftalan
şəhərlərindən Gəncə Regional Mədəniyyət İdarəsinə; - Naxçıvan Muxtar Respublikası ərazisində yaşayanlar MR
Mədəniyyət Nazirliyinə; - Zəngilan, Qubadlı, Şuşa, Abşeron, Xızı bölgələrindən, Sumqayıt
və Bakı şəhərlərindən AzTV-nin Musiqi və əyləncəli proqramlar
redaksiyasına müraciət edə bilərlər.
Sənədlər fevralın 28-dən martın 28-nə kimi qəbul olunur. Yaşı
13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar.
Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin
surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin
surətini təqdim etməlidirlər.