“Aztelekom”dan əhaliyə şad xəbər: 60 rayonda qurulur

“Aztelekom”dan əhaliyə şad xəbər: 60 rayonda qurulur

“Aztelekom” MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax, Beyləqan da daxil olmaqla, 60 rayon və şəhərdə GPON (Gigabit Passive Optical Networks) və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

Bu barədə AzerTimes-a yeni fiber-optik internetin çəkilməsi haqqında açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Aztelekom MMC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində telekommunikasiya infrastrukturunun yenilənməsi və genişlənməsi ilə bağlı işlər “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir:

“Layihənin əsas məqsədi 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün respublikanı əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

GPON texnologiyası fiber-optik xətlər vasitəsilə təmin olunur. Fiber-optik xətlər torpağın altı ilə çəkildiyindən hava şəraitinin təsirinə və fiziki zədələrə məruz qalmır. Beləliklə də abunəçilər internetdə sürət itkisi, kəsilmələr və s. kimi problemlərlə üzləşmirlər”.

Teqlər: