AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun fəaliyyətinin təmin edilməsi və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd edilir:

1. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun (bundan sonra – Agentlik) nizamnamə fondu 1 milyon manatdır və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.4-cü yarımbəndində nəzərdə tutulan vəsaitin qalığı hesabına formalaşır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. xarici dövlətlərin investisiya təşviqi qurumlarının maliyyələşdirilməsi sahəsində mütərəqqi təcrübəsi nəzərə alınmaqla, Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Agentliyin fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görsün;

5.2. Agentliyin əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşlarının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;


5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2608) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.2-ci, 4.4-cü bəndlər və 6-cı hissə ləğv edilsin;

6.2. 2.3-cü bənddə “rəhbərliyi” sözü “ümumi rəhbərliyi və nəzarəti” sözləri ilə, “9” rəqəmi “7” rəqəmi ilə əvəz olunsun və həmin bəndə “göstərən” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi” sözləri əlavə edilsin;

6.3. 2.4-cü bənddə “, kənd təsərrüfatı və vergilər” sözləri “və kənd təsərrüfatı” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinindən,” sözləri çıxarılsın;

6.4. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;”;

6.5. aşağıdakı məzmunda 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər əlavə edilsin:

“3.1.3. Agentliyin strukturunun təsdiqi;

3.1.4. Agentliyin idarəetmə orqanlarının yaradılması və Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;

6.6. 5.1-ci bənddə “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin” sözləri “tədbirlər görsün” sözləri ilə əvəz edilsin.

Teqlər: