Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım Xeyriyyə
Fondu “Qarabağın tarixi-memarlıq irsi” mövzusunda seminar keçirib.
Tədbiri açıq elan edən Fondun icraçı direktoru Orxan Naqdiyev
əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər
həyata keçirdiyi layihələr barədə seminar iştirakçılarına ümumi
məlumat verib. Sonra o, hazırda fond tərəfindən QHT-lərə Dövlət
Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Qarabağ bölgəsinin
tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar
tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili”
layihəsinin məqsədi, əhəmiyyəti və görüləcək işlərdən danışıb.
Seminarın iştirakçısı, AzMİU-nun kafedra müdiri, professor
Nurməmməd Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının
coğrafi, iqtisadi, ekoloji əhəmiyyətini vurğulayıb. Professor həmin
ərazilərdə icrasına başlanılan genişmiqyaslı bərpa, abadlıq və
yenidənqurma işləri, qurulan yeni infrastruktur barədə gənclərə
ətraflı məlumat verib, bu layihələrin bölgənin inkişafına verəcəyi
töhfələri xüsusi qeyd edib.
AzMİU-nun kafedra müdiri, professor, Əməkdar memar Səbinə
Hacıyeva isə çıxışında Qarabağ bölgəsində yerləşən tarixi-memarlıq
abidələrinin tarixinə, həmin abidələrin işğala qədərki vəziyyətinə
nəzər salıb. Kafedra müdiri gənclərin diqqətini 30 illik işğal
müddətində memarlıq irsimizin ermənilər tərəfindən dağıntılara və
ya saxtalaşdırma cəhdlərinə məruz qalması faktlarına çəkib.
Seminarın sonunda iştirakçılara mövzu ilə bağlı layihə
çərçivəsində çap edilmiş bukletlər və seminar materialları təqdim
edilib.
Məlumat üçün qeyd edək ki, Memarlıq, inşaat elminə və tədrisin
inkişafına yardım Xeyriyyə Fondunun Azərbaycan Respublikası
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi
“Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi
ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin
təşkili” layihəsinin əsas məqsədi gənc memar tələbələrin Qarabağ
bölgəsinin tarixi-memarlıq abidələri haqqında daha çox
məlumatlandırılması, onların qorunub saxlanması, gələcək nəsillərə
ötürülməsində gənclərin məsuliyyətinin artırılması və bu abidələrin
beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə
tədbirlərinin təşkilidir. Bu məqsədə nail olmaq üçün layihədə ən
əvvəl gənclərin bu bölgənin tarixi-memarlıq abidələri haqqında
bilgilərini artırmaq üçün 2 saatlıq seminarlar təşkil olunacaq.
Eyni zamanda bu bölgənin tarixi-memarlıq abidələri haqqında geniş
məlumat və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin
formalaşmasında rolu, milli mədəni irsimizin qorunub saxlanmasında
və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyəti kimi
məsələləri özündə əks etdirən 1500 nüsxə bukletin çap edilərək
paylanılması təşkil ediləcək. Sonra isə “Qarabağ bölgəsinin tarixi
abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Ağdam və
Şuşa səhərlərinə səyahətlər təşkil ediləcək. Səyahətdən sonra bu
tarixi abidələrimizi öz gözləri ilə görmüş gənc memar tələbələr
çəkdikləri foto şəkilləri, videoları sosial şəbəkələrdə yaymaqla
geniş dünya ictimaiyyətini məlumatlandıracaq və maarifləndirmə
kampaniyasını həyata keçirəcəklər. Sonda təşkil olunmuş komissiya
tərəfindən qiymətləndirilməklə 1, 2 və 3-cü yerin qalibləri müəyyən
ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatlar,
qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaq.