Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru,
professor Gülçöhrə Məmmədova rektorluq, müəllimlər və ictimai
təşkilatların nümayəndələri ilə birgə imtahanöncəsi tələbələrlə
görüşüb. AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram
Aslanov tədbiri açaraq bildirib ki, görüşün təşkilində məqsəd yaz
semestrinin imtahanlarına tələbələrin hazırlıq səviyyəsini
öyrənmək, onların imtahanlarla bağlı çətinlik və problemlərini
dinləmək, suallarını cavablandırmaq və onların imtahanlara hazırlıq
prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə
nail olmaqdır.
Tədbir iştirakçılarını salamlayan rektor universitet
rəhbərliyinin tələbələrlə görüşünün artıq ənənə halını aldığını,
lakin COVİD 19 pandemiyası səbəbindən belə görüşlərin
məhdudlaşdığını, müəyyən vaxtlarda onlayn keçirildiyini bildirib.
G.Məmmədova çıxışında pandemiyanın digər sahələrdə olduğu kimi,
təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə toxunub, bütün
çətinliklərə baxmayaraq universitetdə dərslərin uğurla
aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi vurğulayıb.
Payız semestrində olduğu kimi, yaz semestrində də ənənəvi
imtahanların təşkili qaydalarından danışan rektor artıq maska,
imtahan zallarında say və digər məsələlərlə bağlı məhdudiyyətlərin
aradan qaldırıldığını tələbələrin diqqətinə çatdırıb. Bildirib ki,
postpandemiya dönəmində keçiriləcək imtahanlarda tələbələrə hər
hansı güzəştlər edilməyəcək, tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunacaq.
“İmtahan nəticələrindən narazı qalan tələbələrin şikayətlərinin
qısa zamanda araşdırılıb müvafiq qərar qəbul edilməsi üçün İmtahan
qərargahı, Appelyasiya komissiyası yaradılacaq, hər bir müraciətə,
şikayətə ayrı-ayrılıqda baxılacaq. Sizin hər birinizin biliyinin
obyektiv qiymətləndirilməsində prinsipial mövqeyimizi yenə də
qoruyacağıq”. Çıxışının sonunda rektor universitet rəhbərliyinin
hər zaman tələbələri dinləməyə, fikir, təklif və şikayətini
eşitməyə hazır olduğunu deyib. Ümid edib ki, ənənəyə çevrilən belə
görüşlərin sonunda söylənilən təkliflər, iradlar istiqamətində
işlər görüləcək, tələbələrin istəyi nəzərə alınacaq.
Tədris işləri üzrə prorektor Akif Qasımov da imtahan
sessiyasının təşkilindən, imtahanların test, yazılı və qabiliyyət
tələb olunan ixtisaslarda özünəməxsus formada keçiriləcəyindən,
tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul
ediləcək bütün fənlərin mühazirə mətnləri, fənlər üzrə imtahan
suallarının artıq tələbələrin kabinetinə yerləşdirilməsindən
danışıb. Tədris prosesində tələbələrin üzləşdiyi problemləri
dinləməyə hazır olduğunu söyləyib, tələbələrə öz tövsiyələrini
verib, qarşıdan gələn imtahan sessiyasında uğurlar
arzulayıblar.
2 saata yaxın davam edən görüşdə qarşıda duran perspektivlər,
Türkiyə və Avropa universitetləri ilə əməkdaşlıq, ikili diplom
müqavilələri ilə bağlı yeniliklər ətrafında da fikir mübadiləsi
aparılıb, tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb,
müraciət və təklifləri dinlənilib. Görüşün sonunda rektor
tələbələrə imtahan sessiyasında uğurlar arzulayaraq onları daha
fəal və intizamlı olmağa çağırıb, problemlərinin yerindəcə həll
edilməsinə dair göstərişlər verib.