AzMİU-nun nümayəndə heyəti Ankara və Hacettepe Universitetində ezamiyyətdə olub (FOTO)

Fevralın 14-18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin
(AzMİU) nümayəndə heyəti ötən həftə Türkiyədə ezamiyyətdə olub.
Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımovun
rəhbərlik etdiyi nümayəndə heyəti Ankara və Hacettepe
Universitetlərində səmərəli görüşlər keçiriblər, işgüzar danışıqlar
aparıblar.

Ankara Universitetində baş tutan görüşdə Akif Qasımovla yanaşı,
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri
Nurməmməd Məmmədov, həmin kafedranın müəllimləri Gülnar Feyziyeva,
Mirfatma Cavadova və Aynurə Bayramova da iştirak edib. Onu da qeyd
edək ki, ezamiyyət Ankara Universiteti, orada aparılan
elmi-tədqiqat işləri ilə yaxından tanışlıq, təhsilin Avropa
standartlarının kriteriyalarının daha dərindən öyrənilməsi,
gələcəkdə “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə
ikili diplom layihəsinin işlənilməsi üçün hazırlıq məqsədi daşıyıb.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, rektor
yardımşçıları, dekan və bölüm başqanlarının iştirakı ilə nümayəndə
heyətini yüksək səviyyədə qəbul edib, çıxışında Azərbaycana xüsusi
məhəbbətini vurğulayıb və xalqımızı möhtəşəm qələbə münasibətilə
təbrik edib.

Görüşdə Akif Qasımov çıxış edərək AzMİU-nun rektoru, professor
Gülçöhrə Məmmədovanın salamlarını çatdırıb, səmimi qəbul üçün
Ankara Universitetinin rəhbərliyinə, şəxsən rektora təşəkkür edib.
O, Azərbaycan xalqının Vətən müharibəsində tarixi qələbəsində
Türkiyənin dəstəyini xüsusi vurğulayıb. Eyni zamanda AzMİU-nun
prorektoru səfərin məqsədi haqqında qısa məlumat verib,
universitetlərimiz arasında əlaqələrin genişləndirilməsində maraqlı
olduğumuzu görüş iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Mühəndis sistemləri və qurğularının tikintisi
kafedrasının müdiri Nurməmməd Məmmədov qəbul üçün təşəkkürünü
bildirib və uyğun kafedralar arasında gələcəkdə elmi-tədqiqat
işlərinin aparılması, onlayn şəkildə birgə elmi seminarların,
Beynəlxalq konfransların keçirilməsinin vacibliyini qeyd edib.

Ezamiyyət zamanı müəllimlər Ankara Universitetinin elmi-texniki
bazası və Texnokəndi, Mühəndislik fakültəsinin dekanlığı, Elektrik
və elektronika bölümünün auditoriya və laboratoriyaları, pedaqoji
kollektivi ilə tanış olub, mühazirə dərslərində iştirak edib,
gələcəkdə görüləcək işlər haqqında müzakirələr aparıblar. Görüşün
sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə
şəkilləri çəkdiriblər.


Daha sonra A.Qasımovun rəhbərlik etdiyi nümayəndə heyətinin bir
qrupu Hacettepe Universitetinin prorektoru, professor Vural
Gökmənlə görüşüb. Görüşdə Sənayenin təşkili və idarə edilməsi
kafedrasının müdiri Ruhəngiz Əliyeva, İqtisadi nəzəriyyə və
marketinq kafedrasının baş müəllimi Rumella Cəfərova, Biznesin
iqtisadiyyatı və menecment kafedrasının dosenti Elşad Yusifov da
iştirak edib. Səmimi qəbula görə Vural Gökmənə təşəkkürünü bildirən
Akif Qasımov zəngin ənənələrə, müasir infrastruktura və güclü
potensiala malik olan qardaş ölkənin aparıcı ali təhsil
müəssisələrindən biri olan Hacettepe Universiteti ilə əməkdaşlıqda
maraqlı olduqlarını diqqətə çatdırıb. A.Qasımov AzMİU-nun potensial
inkişaf istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat
verib, tələbə – müəllim mübadiləsi, birgə elmi konfransların
təşkili, ortaq layihələrin icra edilməsi və digər sahələrdə
ikitərəfli əməkdaşlıq üçün mövcud imkanların səfərbər edilməsinin
önəmindən danışıb.

Hacettepe Universitetinin prorektoru, professor Vural Gökmen hər
iki ali təhsil müəssisəsinin iqtisad profilli fakültələri arasında
qarşılıqlı faydalı işbirliyinin potensial nəticələrinə dair
fikirlərini bölüşüb. Hacettepe Universitetində davam edən görüşdə
iqtisadi ixtisaslar üzrə birgə fəaliyyətin detalları müzakirə
olunub.

Səfər zamanı AzMİU-nun əməkdaşları Universitetin kitabxanası,
İqtisadi və idari bilimlər fakültəsinin müəllimləri və tələbələri
ilə də tanış olublar. İqtisadi və idari bilimlər fakültəsinin
dekanı, professor Mustafa Umur Tosun həmkarlarına fakültənin tarixi
haqqında məlumat verib, ən üstün keyfiyyətə malik innovativ
fakultələrdən biri olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq
doğuran çoxsaylı məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb, ilkin mərhələdə atılacaq addımlardan danışılıb.

Teqlər: