AzMİU-nun məzunu dünyanın 3 nüfuzlu universitetinə qəbul olub (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq
fakültəsinin 4-cü kurs tələbəsi Murad Mir-Zadə magistr təhsili
almaq üçün dünyanın 3 ən nüfuzlu universitetinə qəbul olunub. O,
xüsusi komissiya tərəfindən yoxlama və müsahibələrdən keçərək Böyük
Britanıyanın ən aparıcı universitetlərinə daxil olub. Murad eyni
vaxtda Mançester Memarlıq Məktəbi, Uels Memarlıq Məktəbi və
Stratklayd Universitetində magistr təhsili alacaq.

Mançester Memarlıq Məktəbi Mançester Universiteti ilə Mançester
Metropolitan Universiteti arasında olan innovativ əməkdaşlıqdır,
hazırda bu akademik məktəb QS 2022 Memarlıq reytinqində dünyada
7-ci yerdədir. Məhz bu ali məktəbdən Norman Foster, Stephen Hodder
və s. kimi görkəmli memarlar məzun olublar.

Uels Memarlıq Məktəbi Kardiff Universitetinin akademik
məktəbidir. O, dünyanın ən aparıcı memarlıq məktəblərindən və
Britaniyanın ən yaxşı memarlıq məktəblərindən biri kimi qəbul
edilir. Uels Memarlıq Məktəbi hazırda The Guardian Rankings
tərəfindən Böyük Britaniyada 3-cü, tam universitet bələdçisinə görə
5-ci, QS Subject reytinqinə görə isə İngiltərədə 5-ci yerdədir.

Stratklayd Universiteti isə Şotlandiyada yerləşir, qəbul zamanı
yüksək tələblərinə görə Stratklayd Böyük Britaniyanın ən çətin 5
universitetindən biri hesab olunur. Murad bu universitetə qəbul
olmaqla yanaşı, 15% təqaüd əldə edib və eyni zamanda dekanın Xüsusi
Təqaüdünə nominant göstərilib.

Kardiff və Mançester universitetləri Böyük Britaniyanın 24 dünya
şöhrətli, aparıcı və prestijli universitetlərinin elitar qarşılıqlı
əlaqə qrupunun, məhz Rassel Qrupun üzvləridir.

Onu da qeyd edək ki, qəbul meyarları arasında Muradın peşəkar
portfoliosu, xarici dil biliyi, ictimai fəaliyyəti və yüksək təhsil
göstəriciləri ilə yanaşı, həm də onun bakalavr təhsilinin RIBA Part
1 (Britaniya Memarlarının Kral İnstitutu) tərəfindən
akkreditasiyadan keçməsi əsas götürülüb. Xatırladaq ki, AzMİU-nun
Memarlıq fakültəsi 2019-cu ilin sonunda RİBA-nın bakalavr təhsili
üzrə 5 illik akkreditasiyasını alıb.

Teqlər: