AzMİU, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin həmtəşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib (FOTO)

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə elan edilmiş “Şuşa ili” tədbirləri çərçivəsində
aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)
Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Fairmont
Baku, Flame Towers” otelində “Qarabağ və Şərqi Zəngəzurun memarlıq
irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda Beynəlxalq
elmi-praktiki konfrans keçirib. Konfrans Azərbaycan memarlıq
irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə,
Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub
saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş
Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə,
eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr
olunub. Beynəlxalq konfransda respublikanın ali təhsil müəssisələri
və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya,
Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları
salamlayaraq konfransın bütün iştirakçılarına öz işlərində uğurlar
arzulayıb. İşğaldan azad olunmuş torpaqlarımızda başlayan
genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan rektor qeyd
edib ki, yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən
əsrlərdən yadigar qalan, tariximizi yaşadan və təəssüf ki, 30 illik
işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən,
saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və
şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm
vəzifələrdəndir. “Bu konfransın keçirilməsində məqsəd Qarabağda və
Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanması üzrə əsas
vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün
tövsiyələr hazırlamaq, memarlıq və şəhərsalma irsinin mühafizəsi
sisteminin təkmilləşdirilməsinə dair təklifləri hazırlamaqdan
ibarətdir. Azərbaycanın memarlıq sahəsində ən qocaman təhsil ocağı
kimi bizim Universitet memarlıq irsimizin, tarixi abidələrimizin
qorunmasına mühüm əhəmiyyət verir, Memarlıq fakültəsində çalışan
alimlərimiz tarixi memarlıq irsimizin öyrənilməsi, mühafizəsi və
istifadəsi problemlərini tədqiq edir, müxtəlif layihələr işləyir və
hər il elmi konfranslar keçiririk. Bu il də ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili” tədbirləri
çərçivəsində belə bir konfransı keçirməyi vacib bildik”.
Rektor çıxışında memarlıq irsinin qorunub saxlanmasına cavabdeh
olan beynəlxalq təşkilatların işğal olunmuş rayonlarda mədəni irsin
məhv edilməsinin dayandırılması ilə bağlı Azərbaycan tərəfinin
çoxsaylı çağırışlarına məhəl qoymamasına, mövcud vəziyyətdə
heyrətamiz biganəlik nümayiş etdirməsinə də toxunub. “30 ildən
sonra Azərbaycan dövləti tarixi ədaləti bərpa edərək ona məxsus
olan əraziləri geri qaytardı və bütün dünya Qarabağda, Şərqi
Zəngəzurda memarlıq irsinin, ümumiyyətlə, bütün şəhərsalma
infrastrukturunun qəsdən məhv edilməsi faktını öz gözləri ilə
gördü, bu ərazilərə sahib olduqları 30 ilə yaxın müddətdə ermənilər
bütün tarixi-memarlıq abidələrini dağıdıblar, şəhərləri yer üzündən
siliblər. Beynəlxalq konvensiyaları, xüsusilə “Silahlı münaqişə
zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa
Konvensiyasını və ona dair Protokolları, habelə YUNESKO-nun
“Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında”
Konvensiyasını pozaraq, işğalçılar memarlıq abidələrini dağıdıb və
ya “erməniləşdirmək” məqsədi ilə saxtalaşdırıb, tətbiqi sənət
abidələrini ölkədən kənara çıxarıb, sonradan özlərininki kimi
təqdim ediblər”.

Gülçöhrə Məmmədovanın giriş nitqindən sonra açılış sessiyasında
iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı, Bərpası üzrə
Dövlət Xidmətinin rəis müavini, rəisin səlahiyyətlərini icra edən
Azad Cəfərli qonaqları salamlayıb, konfransın əhəmiyyətini xüsusi
qeyd edərək onun çox mühüm mövzuya həsr olunduğunu vurğulayıblar.
Nazir müavini F.Qurbanov işğaldan azad olunmuş torpaqlarımızda
başlayan abadlıq-quruculuq işlərinin başlandığı bir dönəmdə
keçirilən bu konfransın həmin işlərə böyük töhfə verəcəyinə ümidvar
olduğunu deyib.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin
sədri Şahin Seyidzadə idarənin tabeliyində olan abidələrin bərpası
ilə bağlı görülən işlər haqqında danışıb.
Salamlama nitqindən sonra plenar iclasda Universitetin rektoru
Gülçöhrə Məmmədova “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi”,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan
Həsənov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəni
irsə qarşı həyata keçirilmiş vandalizm”, İtaliya Mədəniyyət
Nazirliyinin sabiq nümayyəndəsi, bərpa və müharibədən sonrakı
beynəlxalq ssenarilər üzrə ekspert və 2016-2018-ci illərdə
Azərbaycanın milli mədəni irsin qorunması sisteminin
modernləşdirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən
maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki “Qarabağın
azad edilməsi. Azərbaycan irsinin qorunması və idarə olunması
sahəsində irəliləyiş fürsəti” mövzusunda məruzələrlə çıxış
ediblər.
Tanınmış yerli və xarici alimlərin iştirakı ilə keçirilən
konfransda işğaldan azad edilmiş ərazilərdə yerləşən memarlıq
abidələrinin reabilitasiyası üçün müxtəlif fikirlər, təkliflər
səsləndirilib.
Konfrans öz işini sessiyalarda davam etdirib, 4 seksiya üzrə
Beynəlxalq Elmi Komitə tərəfindən təsdiqlənmiş 50-ə yaxın məruzə
dinlənilib. Bunlardan 20-si Türkiyə, İtaliya, Qazaxıstan, Çin
alimləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş məruzələr
olub. Konfrans hibrid – həm onlayn, həm də əyani formada
keçirilib.

Konfransda müzakirə olunan mövzular:

1-ci mövzu – Şuşanın memarlıq irsi
Şuşa şəhərinin memarlıq abidələri və şəhərsalma quruluşunun
xüsusiyyətləri
İşğal dövründə Şuşanın tarixi memarlıq irsinə vurulan zərbə
Şuşanın tarixi memarlıq mühitinin bərpası və istifadəsi
problemləri

2-ci mövzu – Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsinin
bərpası və qorunması problemləri
Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi
Müharibə və işğal illərinin memarlıq irsinə təsiri
Tarixi memarlığın bərpa, mühafizə və istifadə problemləri

3-cü mövzu – Mədəni irsin idarə olunması
Tarixi memarlıq irsinin qorunmasında yeni texnologiyalar
İrsin idarə olunmasının sosial aspektləri
İrsin idarə olunmasında beynəlxalq təcrübə

4-cü mövzu – Tarixi şəhərlərin müasir inkişafı
Regionun intensiv inkişafı kontekstində mədəni irsin idarə olunması
problemləri
Müasir şəhərlərin yaradılması
Tarixi ərazilərin qorunub saxlanılması və bərpası. Regionun davamlı
inkişafında mədəni irsin rolu
Nəqliyyat problemləri və mühəndis kommunikasiyaları

Teqlər: