AzMİU ilə Yıldız Texnik Universiteti arasında Anlaşma Memorandumu və Tələbə mübadilə protokolu imzalanıb (FOTO)

Türkiyənin Yıldız Texnik Universitetinin rektoru, professor Tamer Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

AzMİU-dan AzerTimes-a bildirilib ki, nümayəndə heyətini salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsildə də yüksək səviyyədə olduğunu qeyd edib, YTU ilə əməkdaşlığın inkişafından məmnunluğunu dilə gətirib. Rektor eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin bizə göstərdiyi siyasi və mənəvi dəstəyini yüksək dəyərləndirib, türk xalqına sonsuz təşəkkürünü bildirib. Sonra rektor Universitetin fəaliyyəti və hədəfləri barədə ətraflı məlumat verib. Rəhbərlik etdiyi təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışan G.Məmmədova universitetin imkanlarının daha da genişlənməsində, inkişaf etməsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Türkiyənin qocaman ali təhsil müəssisələrindən biri olan YTU ilə qarşılıqlı faydalı işbirliyinin yaradılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Yıldız Texnik Universitetinin rektoru, professor Tamer Yılmaz da rəhbərlik etdiyi universitet haqqında danışıb. 110 illik inkişaf tarixinə malik olan YTU-da həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə ətraflı məlumat verən T.Yılmaz hazırda universitetdə 37 min tələbənin təhsil aldığını deyib. Bildirib ki, universitetdə 11 fakültə, hər fakültənin tərkibində də bir neçə ixtisas fəaliyyət göstərir. Universitet dünya üzrə 661 ali məktəblə əməkdaşlıq edir ki, bunlardan da 6-sı Azərbaycan universitetidir. YTU-nun Türkiyə universitetləri arasında ən böyük texnoparka malik olduğunu vurğulayan T.Yılmaz sənaye ilə səmərəli işbirliyinin yaradılması sahəsində mövcud olan zəngin təcrübələrindən danışıb. O, akademik və inzibati heyətin bacarıqlarının inkişaf etdirilməsi, gənc əməkdaşların doktorantura səviyyəsində təhsil alması, məsafədən təhsilin yaratdığı imkanlardan fayda əldə edilməsi və digər məsələlərdə AzMİU-ya köməklik göstərə biləcəklərini bildirib.


Ətraflı müzakirələrlə davam edən görüşün sonunda universitetlər arasında Anlaşma memorandumu və Tələbə mübadilə protokolu imzalanıb. Hər iki universitet üçün qarşılıqlı maraq doğuran sahələrdə potensial əməkdaşlığın yaradılmasını nəzərdə tutan protokol tələbə və müəllim mübadiləsini, birgə tədqiqatların aparılmasını, qısamüddətli akademik proqramların həyata keçirilməsini və digər məsələləri əhatə edir.

Görüşdən sonra nümayəndə heyətinin üzvləri AzMİU-nun fakültə və laboratoriyaları ilə tanış olublar.

Teqlər: