AzMİU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli
lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr
olunmuş “Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı”
mövzusunda konfrans keçirilib. Əvvəlcə konfransın iştirakçıları
ümummilli lider Heydər Əliyevin universitetin həyətindəki büstü
önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin
ehtiramlarını bildiriblər.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbiri
açaraq dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan,
fəaliyyətindən, cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik
siyasətindən və Vətənimiz qarşısındakı tarixi xidmətlərindən bəhs
edib. Rektor ümummilli liderin bütün həyatını Azərbaycanın rifahına
və davamlı inkişafına həsr etdiyini qeyd edib, hakimiyyətdə olduğu
hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf
strategiyası yaratdığını xüsusi vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili,
professor Rüfət Quliyev “Ulu öndər və Azərbaycanın iqtisadi-inkişaf
strategiyası” adlı məruzəsində Heydər Əliyevin uğurlu siyasəti
nəticəsində Azərbaycanın sürətli inkişafının təmin olunduğunu,
iqtisadiyyatda demokratiyanın bərqərar edildiyini, özəlləşdirməyə
start verildiyini, xarici investorların ölkəmizə cəlb edilməsi
istiqamətində ciddi əsaslar yaradıldığını, eləcə də Azərbaycan
vətəndaşının rifahının əhəmiyyətli dərəcədə yüksəldiyini bildirib.
O, Azərbaycanın iqtisadi modelinin bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini, 44 günlük müharibədə əldə
edilən Zəfərin əsasında məhz bu iqtisadi modelin dayandığını
diqqətə çatdırıb.

Universitetin İqtisadi nəzəriyyə və marketinq kafedrasının
dosenti Əliağa Əliyev də çıxışında Vətən müharibəsində Zəfərə gedən
yolun əsasında dünya şöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz
ideyalarının dayandığını xüsusi qeyd edib. Ə.Əliyev 1993-2003-cü
illərdə Heydər Əliyevin Azərbaycanda quruculuq, abadlaşdırma və
sosial-ekoloji problemlərin həlli istiqamətində həyata keçirdiyi
kompleks tədbirlərin əhalinin sosial şəraitinin yüksəlməsində öz
əksini tapdığını diqqətə çatdırıb.

İctimai fənlər kafedrasının müəllimi Emil Həsənov, magistr
tələbə Sənan Atayev də çıxışlarında Ümummilli liderin milli
dövlətçilik ənənələrinin qurulmasında, təhsilin inkişafında,
gənclər siyasətində, aqrar sahədə, milli hərbi kadrların
hazırlanmasında, eləcə də azərbaycançılıq ideologiyasında
göstərdiyi misilsiz xidmətlərdən danışıblar.

Teqlər: