AzMİU-da payız semestrinin imtahan sessiyası başlayıb (FOTO)

Bu gündən başlayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası fevralın 3-dək davam edəcək. İmtahan sessiyasının Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova tənzimləyici əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçiriliməsi” barədə əmrinə uyğun olaraq imtahan sessiyası əyani formada təşkil olunub. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə əsasən magistratura səviyyəsində test və şifahi, bakalavr səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada keçiriləcək. Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Eyni zamanda imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu yaradılıb.

Əmrdə bildirilir ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. İmtahan sessiyası dövründə birbaşa rektorun özünün sədrliyi ilə yaradılmış Münaqişə Komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri bağlı şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.


Onu da qeyd edək ki, imtahanların keçirilməsi zamanı TƏBİB tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunur.

Teqlər: