AzMİU-da “Nizami Gəncəvi ili” çərçivəsində elmi seminar keçirilib (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubiley və “Nizami ili” ilə əlaqədar “Nizami irsinin tanıdılması” mövzusunda elmi seminar keçirilib. Universitetin Azərbaycan dili və pedaqogikası kafedrasının təşəbbüsü ilə keçirilən seminarda Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları, AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan dili və pedaqogikası kafedrasının müdiri Salatın Əhmədova ölkə prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirildiyini, bu günki seminarın da həmin tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. S.Əhmədova böyük şairin irsinin öyrənilməsi, araşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görülən genişmiqyaslı işlərdən danışıb, hazırda ölkə prezidentinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər planı haqqında ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova məruzəsində şairin yaradıcılığına nəzər salıb, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açıb. T.Bədəlova Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun geniş şöhrət tapmış, dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edib. Dahi şairin söz xəzinəsindən gənclər üçün dəyərli nüminələr gətirən məruzəçi Nizami irsinin sadəcə ədəbiyyat deyil, insan təfəkkürünün, düşüncəsinin inkişafına da təkan verdiyini diqqətə çatdırıb.


Digər məruzəçi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin fenomenal bəşəri irsinin həmişə aktual olduğunu vurğulayıb, geniş məruzəsində şairin humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərinin gənc nəslin tərbiyəsində mühüm roluna toxunub.

AzMİU-nun İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva böyük şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən nümunələr çəkərək bu irsin əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamasından, bəşəriyyətin ədəbi fikir tarixinə verdiyi töhfələrdən ətraflı bəhs edib.

Teqlər: