AzMİU-da Karyera sərgisi keçirilib (FOTO)

Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində
(AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə tələbə və
məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər,
dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də
universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl
şirkətlərinin nümayəndələri iştirak ediblər.

Sərgini giriş nitqi ilə açan Təcrübə və Karyera Mərkəzinin
rəhbəri Xanlar Qəniyev vurğulayıb ki, universitet rəhbərliyi
tələbələrin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı,
onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik
göstərir. Sərgidə 80-ə yaxın dövlət qurumu, özəl şirkət və
müəssisələrin iştirak etdiyini deyən X.Qəniyev məzunlara müxtəlif
vakansiyalar üzrə ümumilikdə 200-dən çox iş yerləri təklif
olunduğunu bildirib. O qeyd edib ki, sərgidə ölkənin aparıcı
şirkətlərindən SOCAR, Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti, Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Bakı
Metropoliteni QSC, Azəbaycan Dəmir Yolları QSC, Azərsu ASC,
Azərişıq ASC, Azəriqaz İB, Holcim, Norm ASC, PMD Projects MMC,
AzerGold QSC, Kapital Bank, Təmiz Şəhər ASC, Azercell və digər
şirkətlər iştirak edir.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera
sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor
bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını
artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında
fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq
və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub.
AzMİU-da artıq 3-cü dəfə keçirilən sərginin tələbə və məzunlarımıza
karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini
vurğulayıb. “Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət
qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri
qoşulub. Bu çox təqdirəlayiq haldır. Bu cür sərgilər gənclərlə
şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları
üçün böyük önəm kəsb edir”.
Rektor AzMİU-da Təcrübə və Karyera Mərkəzinin və Strateji
planlaşdırma şöbəsinin fəaliyyət göstərdiyini və tələbələr üçün
mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan
resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini qeyd
edib.

Sərgidə iştirak edən Zəfəroğlu İnşaat MMC-nin direktoru Zəfər
Məmmədov, Holcim Azərbaycan şirkətinin baş direktoru Xalid Samakaya
ali təhsil və istehsalatla əlaqələrin daha da genişləndirilməsi,
eyni zamanda məzunların karyera imkanlarının artırılması üçün belə
sərgilərin böyük əhəmiyyət daşıdığını bildiriblər.

Çıxışlardan sonra AzMİU-nun rektorluğu və müəlllimlər sərgidə
nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə
ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.

Onu qeyd edək ki, 1000-dən çox tələbə və məzunun iştirak etdiyi
sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil
olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə
ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs
tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri
tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin
gedişində məzunlar şirkətlərin insan resursları üzrə mütəxəssisləri
ilə ünsiyyət yarada biliblər, şirkət nümayəndələrinə yaxınlaşıb,
özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.

Qeyd edək ki, Karyera Sərgisində müxtəlif şirkətlərin
təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə ediblər. Onlar
tələbələrin vakant yerlərə maraq göstərdiklərini, şirkətlərin
fəaliyyəti ilə tanış olduqlarını yaxşı hal kimi
dəyərləndiriblər.

Teqlər: