AzMİU-da BP Azərbaycan şirkətinin dəstəyi ilə 3 laboratoriya açılıb (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında BP
Azərbaycan şirkətinin dəstəyi ilə müasir standartlara cavab verən 3
laboratoriya açılıb. Laboratoriyanın açılışında universitetin
rektoru, BP Azərbaycan şirkətindən nümayəndələr, professor-müəllim
heyəti iştirak edib. Tədbir iştirakçıları müasir texnologiyalar və
avadanlıqlarla təchiz olunan laboratoriya ilə tanış olublar.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova
laboratoriyaların qurulmasında göstərdiyi dəstəyə görə BP
Azərbaycan şirkətinin rəhbərliyinə təşəkkür edib, yeni
laboratoriyaların tədrisin məzmununun təkmilləşdirilməsi baxımından
əhəmiyyətindən danışıb. Laboratoriyanın əhəmiyyətindən danışan
rektor bildirib ki, bu qurğular əmək bazarının tələblərinə cavab
verən mühəndislik profili üzrə yüksəkixtisaslı mütəxəssislərin
hazırlanmasında böyük rol oynayacaq. İxtisaslaşdırılmış
laboratoriyada tələbələr nəzəri biliklətlə yanaşı, praktik biliklər
də əldə edəcəklər.

BP Azərbaycan şirkətinin Xəzər regionunda kommunikasiya və
xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ali
təhsil müəssisələri arasında öz yeri və nüfuzu olan Azərbaycan
Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıqdan məmnunluq
duyduqlarını dilə gətirib. O bildirib ki, BP Azərbaycan şirkəti
ölkədə təhsilin inkişafına töhfə vermək üçün təhsil sosial
layihələrinin tərkib hissəsi kimi ali məktəblərdə müxtəlif
istiqamətli laboratoriyalar açır. Bu layihələrin universitetlərin
maddi-texniki bazasının gücləndirilməsinə xidmət etdiyini deyən
B.Aslanbəyli həmçinin açılan laboratoriyaların universitetlərin
tədqiqat potensialının, tələbələrin elmi-tədqiqat imkanlarının
artırılmasına və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət etdiyini vurğulayıb.

Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının
müdiri Nurməmməd Məmmədov laboratoriyalar barədə məlumat verib,
kiçik prezentasiya təqdim edib. O bildirib ki, “Ağıllı ev”
laboratoriyası (cəmi 51 laboratoriya işi) əsasən magistr pilləsində
təhsil alan tələbələr üçün nəzərdə tutulub. Burda onlar binaların
bütün mühəndis kommunikasiya sistem və qurğularının distant idarə
olunması və tənzimlənməsi, nəzarət və mühafizə sistemləri,
işıqlandırmanın idarə olunması, mikroiqlim parametrlərinə nəzarət
və tənzimləmə, istifadəçi ilə sistem arasında ikitərəfli rabitə,
“ağıllı” elektrik cihazları və s. parametrlərin idarə olunması üçün
proqram təminatının hazırlanması və həyata keçirilməsi qaydalarını
öyrənəcəklər.


İkinci “Enerji effektivliyi və alternativ bərpa olunan enerji
mənbələri” laboratoriyasında (cəmi 25 laboratoriya işi) tələbələr
günəş kollektorları, külək generatorları, istilik nasoslarının iş
prinsipi və hesablanma qaydaları, eləcə də binaların energetik
müayinəsinin (auditinin) aparılma qaydaları ilə tanış
olacaqlar.

“Elektrik və elektronika” laboratoriyasında (cəmi 136
laboratoriya işi) isə tələbələrə bina və yaşayış məntəqələrinin
elektrik təchizatı ilə əlaqədar olan müasir hesablama, quraşdırma,
istismar və idarəetmə qaydaları öyrədiləcək.

Onu da qeyd edək ki, laboratoriya bazasının gücləndirilməsi,
tələbə və magistrantların nəzəri biliklərlə yanaşı, zəruri praktiki
bacarıqlar da qazanması AzMİU-da həmişə diqqət mərkəzində
saxlanılır.

Teqlər: