“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan
“Azəripək” MMC tərəfindən “Made in Azerbaijan” brendi adı altında
istehsal olunan kəlağayı məhsulları
Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay”
platformalarında beynəlxalq alıcılara təqdim olunub. İlkin
mərhələdə sadalanan platformalarda 10 çeşiddə kəlağayı məhsulu
satışa çıxarılıb.
Qeyd edək ki, son zamanlar dünyada onlayn resurslar üzərindən
elektron ticarətə olan maraq və tələbat nəzərə alınaraq, həmçinin
müəssisənin istehsalı olan məhsulların satış coğrafiyasını
genişləndirmək məqsədilə Amerika Birləşmiş Ştatları, Böyük
Britaniya, Çin, Yaponiya, Tayvan, Koreya, Sinqapur, İsrail, MDB və
Avropa ölkələrinə ixracın həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın səyləri və fəaliyyəti nəticəsində 2014-cü ilin
noyabrında Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra
kəlağayıya olan maraq daha da artıb. Maddi-mədəni irsimizin,
milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə göstərilən
bu yüksək diqqət və qayğı sayəsində kəlağayı sənəti nəsildən-nəsilə
keçərək, xalqımızın zəriflik və xanımlıq rəmzlərindən biri olaraq
yaşayacaqdır.