“Azərxalça”nın Şabran filialında bu günə kimi 184 xalça istehsal olunub (FOTO)

Şabran. Ceyhun Ələkbərov – Trend:

“Azərxalça” ASC-nin 2018-ci ildən fəaliyyətə başlayan Şabran filialında bu günə kimi 184 xalça istehsal olunub.

AzerTimes-ın məlumatəna görə, bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Şabran filialının direktoru Kəbirə Vəliyeva deyib.

Onun sözlərinə görə, 2018-ci ilin noyabrından bu günə qədər emalatxana cəmi 1 il pandemiya dövründə fəaliyyətsiz qalıb:

“Emalatxananın ümumi kollektivi 50 nəfərdən ibarətdir. Onlardan 44-ü toxucu xanımlar, 6 nəfər isə texniki işçidir. Xalçalar sifariş əsasında hazırlanır. Xalçaların üzərində əsasən Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxtəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və ya 4 nəfər toxucu birlikdə də toxuya bilir”.

K.Vəliyeva onu da əlavə edib ki, qadın işçilərə “Azərxalça” ASC-nin rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılır:

“Belə ki, bölgələrdə qadınların işləməsi ilə bağlı müəyyən çətinliklər yaşanır. Lakin “Azərxalça” ASC emalatxanaları bu mövzuda istisna hal təşkil edir. Çünki qadınların emalatxanaya gətirilməsi üçün xüsusi nəqliyyat vasitəsi ayrılır, iş saatı bitdikdən sonra isə onlar həmin nəqliyyat vasitəsi ilə evlərinə aparılır”.

Teqlər: