“Azərxalça”nın Quba filialında 4 il ərzində 244 xalça istehsal olunub (FOTO)

Quba. Ceyhun Ələkbərov – Trend:

“Azərxalça” ASC-nin Quba filialında 4 il ərzində 244 xalça istehsal olunub.

Bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Quba filialının direktoru Nəzakət Novruzova məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ilin dekabr ayından fəaliyyətə başlayan Quba emalatxanasında 100-dən çox işçi var:

“Müəssisə fəaliyyətə başlayandan burada 56 toxucu qadın çalışır. Onlar arasında ən gənc toxucumuzun 24, ən yaşlısının isə 64 yaşı var.

Emalatxanada 43 dəzgah var. Bizdə əsasən 7 növü olan xovlu xalçalar toxunur. Xalçaların ölçüləri müxtəlif olur. Xalçaların keyfiyyətli olmasına diqqət yetirilir”.


Əlavə olunub ki, xalçalar istehsal olunduqdan sonra “Azərxalça” ASC-nin Sumqayıt filialına göndərilir. “Bəzən sifarişlər əsasında xalçalar yuyulmadan saxlanılır. Sifarişçilər xüsusilə xalçaların yuyulmasını istəmir, buna səbəb hər xalçanın üzərində onu toxuyan işçinin əl izinin olmasıdır. Normalda xalçanın kəsilməsi, yuyulması, qırxılması prosesi mərhələli şəkildə həyata keçirilir”.

N.Novruzova onu da qeyd edib ki, bu günə qədər bu emalatxanada istehsal edilən 244 xalçanın ümumi sahəsi 861,64 kvadratmetr olub.

“Burada əsasən, Quba, Şirvan xalçaları və çeşnilərindən istifadə edilir. Hər bir toxucunun 1 kvadratmetr toxuma potensialı olur. Lakin, məcbur deyil ki, hər bir toxucu 1 aya 1 kvadratmetrlik sahəni təhvil versin. Ortalama xalçanın çeşnilərindən asılı olaraq 1 metrlik xalçalarda təxminən 3-3,5 kq-a qədər ip istifadə olunur”.

Teqlər: