“Azərxalça” ASC-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu (FOTO)

Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissəsidir. Uşaqlar bizim gələcəyimizdir və Vətənimizin gələcəyi onların əlindədir. Bu səbəbdən Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli və vətənpərvər övlad kimi böyümələri üçün şərait yaradılmasına hər zaman xüsusi diqqət yetirilir.

Bu il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də də geniş qeyd olundu. “Azərxalça” ASC, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və “McDonald’s Azərbaycan” şirkətinin birgə təşkilatçılığı və əməkdaşlığı ilə UAFA–nın Bakının Yasamal rayonunda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Azərxalça” ASC-nin Qobu emalatxanasında xüsusi tədbirlər təşkil olundu. Tədbir zamanı uşaqlar xanalarda xalça toxudu və milli xalça naxışları və çeşnilərin boyanmasında iştirak etdilər.

UAFA-nın Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzinin “Ailələrlə iş” bölümünün rəhbəri və mütəxəssisi Zəhra Xələfova xalça toxumaq, ornamentləri boyamaq və rəngli saplarla oynamağın, xalçaların sirli, sehrli rənglərinin də əslində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çox yaxşı reabilitasiya üsulu olduğunu vurğuladı. Xüsusilə də, pandemiya dönəmində reabilitasiya mərkəzinin xidmətlərindən uzun müddət onlayn şəkildə yararlanan uşaqlar üçün təşkil olunan bu tədbir çox faydalı olmaqla yanaşı, maraqla qarşılanıb.

“Azərxalça” ASC və UAFA yalnız Bakıda deyil, regionlarda da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə işləri növbəti layihələr şəklində davam etdirməyi planlaşdırır.
Tədbir bitdikdən sonra uşaqlar üçün təşkil olunmuş bayram “McDonald’s” restoranında davam etdirilib.


Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində “Azərxalça” ASC olaraq bütün təşəbbüs və fəaliyyətlərə qatılmağa razıyıq.

Uşaqlar gülərsə, dünya gülər! Qoy dünyamız hər zaman gülsün!

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Teqlər: