AZƏRTAC və İordaniyanın Petra xəbər agentliyi arasında əməkdaşlıq müqaviləsi yenilənəcək

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İordaniyanın Petra xəbər agentliyi arasında yeni əməkdaşlıq müqaviləsi imzalamaq niyyətindədir. Bununla bağlı məsələ AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdulla Ğoşehin görüşündə müzakirə olunub.

Trend xəbər verir ki, iki agentlik arasında tərəfdaşlıq müqaviləsi 2007-ci ildə Əmmanda imzalanıb. Buraya informasiya təcrübə mübadiləsi, kadr hazırlığı, beynəlxalq media platformalarında birgə iş və digər məsələlər daxildir. İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində də əməkdaşlıq uğurla davam edir.

Qeyd olunub ki, hazırda media və yeni texnologiyaların inkişafı nəzərə alınmaqla, agentliklər arasında əlaqələrin yeni müstəviyə keçirilməsinə ehtiyac var. Bununla hər iki media qurumu ölkələrindəki hadisələr barədə informasiyaları daha operativ və dolğun şəkildə yaymaq, birgə layihələr reallaşdırmaq imkanları əldə edəcəklər. Tərəflər yeni müqavilənin imzalanmasının informasiya sahəsində ölkələrarası əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

Görüşdə AZƏRTAC-ın Petra agentliyi ilə birlikdə Əmmanda Azərbaycanın 44 günlük Vətən müharibəsini, işğalçıların mülki əhaliyə qarşı törətdikləri hərbi cinayətləri əks etdirən fotolardan ibarət sərgi təşkil etmək təklifi də nəzərdən keçirilib.

Teqlər: