AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Londonda keçirilən iclasında iştirak edib (FOTO/VİDEO)

Fevralın 15-də Britaniyanın “Press Association” informasiya
agentliyinin Londondakı baş ofisində Dünya Xəbər Agentlikləri
Konqresi Şurasının (NACO) növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda tədbirin ev sahibindən əlavə,
AZƏRTAC (Azərbaycan), TASS (Rusiya), EFE (İspaniya), BTA
(Bolqarıstan), SPA (Səudiyyə Ərəbistanı), MAP (Mərakeş),
“Agerpress” (Rumıniya) və Ərəb Ölkələri Xəbər Agentlikləri
Federasiyasının (FANA) nümayəndə heyətləri, həmçinin videorabitə
vasitəsilə “Reuters” agentliyinin və hazırda sədrlik etdiyi Avropa
Xəbər Agentlikləri Alyansını (EANA) da təmsil edən Avstriyanın APA
agentliyinin nümayəndələri iştirak ediblər.

İclasda bu il 30 noyabr-1 dekabr tarixlərində Mərakeşdə
keçiriləcək Dünya Xəbər Agentliklərinin VII Konqresinə hazırlıq
işləri müzakirə olunub. Tədbirdə Konqresin mövzusu təsdiqlənib:
“Postpandemiya dünyasında xəbər agentliklərinin gələcəyi”. Dörd
panel sessiyasının mövzuları da müəyyənləşdirilib.

MAP agentliyinin videotəqdimatı Konqresin keçiriləcəyi yer,
texniki təchizat, həmçinin belə genişmiqyaslı tədbirlər üçün
ənənəvi mədəni proqram kimi logistika məsələlərinə həsr edilib.

NACO-nun növbəti iclası iyunun 24-də Londonda keçiriləcək.

Qeyd edək ki, NACO öz sıralarında dünyanın bütün beş qitəsindən
olan yüzdən çox informasiya agentliyini birləşdirən Dünya Xəbər
Agentlikləri Konqresinin icra orqanıdır. AZƏRTAC NACO-nun daimi
üzvüdür.

Dünya Xəbər Agentliklərinin V konqresi 2016-cı ilin noyabr
ayında Bakıda keçirilib.

Teqlər: