“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən abonentlərin
ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri
gücləndirilsə də, bəzi abonentlər ödənişdən yayınmağa cəhd edir.
Təəssüf doğuran odur ki, ödənişdən yayınan həmin abonentlər xidməti
vəzifələrini yerinə yetirən “Azərsu” ASC-nin əməkdaşlarına qarşı
kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar.
Abonentin kobud rəftarı və fiziki təzyiqlərinə bu dəfə “Azərsu”
ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin “İmişli Sukanal”
Sahəsinin əməkdaşı məruz qalıb.
Bu barədə ASC-dən AzerTimes-a bildirilib.
Qeyd edilib ki, İmişli şəhəri Sevil Qazıyeva küçəsi ev 6
ünvanında Taleh Zeynalov adlı abonentin içməli su təchizatı
xidmətlərindən istifadəyə görə yığılmış borcunun ödənilməsi barədə
dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina
edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su
təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “İmişli
Sukanal” Sahəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq abonentə
borcun ödənilməsinin vacibliyini bir daha izah ediblər. Lakin
abonent “İmişli Sukanal” Sahəsinin İstismarın təşkili və idarə
edilməsinə nəzarət qrupunun mühəndisi Məhərrəmov Mustafa Umud oğlu
ilə aqressiv davranaraq onu ağır şəkildə təhqir edib, fiziki təzyiq
göstərib.
Baş vermiş hadisə “İmişli Sukanal” Sahəsinin əməkdaşları
tərəfindən aktlaşdırılıb, M.Məhərrəmov tibbi ekspertizadan
keçirilib və faktın araşdırılması üçün İmişli Rayon Polis Şöbəsinə
müraciət olunub.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır
ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən
asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən
əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə
hallar baş verərsə “Azərsu” ASC tərəfindən hüquq-mühafizə
orqanlarına müraciət olunacaq.
Abonentlərin diqqətinə çatıdırılır ki, yaranmış debitor borcların
hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli
sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu
imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə
bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər.