İçməli sudan səmərəli istifadə, su israfçılığın qarşısının
alınması və xidmət haqlarının ödənilməsi ilə bağlı “Azərsu” Açıq
Səhmdar Cəmiyyəti tərəfindən aparılan maarifləndirmə və təbliğat
işlərinə baxmayaraq, bəzi abonentlər sudan səmərəli istifadə
qaydalarına əməl etmirlər. Bəzi hallarda “Azərsu” ASC-nin
əməkdaşları tərəfindən verilən tövsiyələrə məhəl qoymayan
abonentlər xidməti vəzifəsini yerinə yetirən əməkdaşlara qarşı
kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar. 28 May
qəsəbəsində bir abonent ərazidə xidmət edən “Abşeron Sukanal”
İdarəsinin əməkdaşlarını odlu silahla təhdid edib.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, 28 May
qəsəbəsinin Paralellər adlanan küçəsində “Abşeron Sukanal”
İdarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən
Zülfüqar Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin
dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç
bir reaksiya vermədiyini görüblər. Su israfının qarşısını almaq
məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən
əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış
keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə
üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) “Abşeron
Sukanal” İdarəsinin əməkdaşlarını təhdid edib, ardınca
hüquq-mühafizə orqanlarına müraciət edərək “Azərsu” ASC
əməkdaşlarının təzyiqlərinə məruz qalması barədə yalan məlumatlar
verib.
Hadisə ilə əlaqədar “Abşeron Sukanal” İdarəsi tərəfindən
hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub. Əraziyə gələn
daxili işlər orqanlarının əməkdaşları Z.Mehdiyevi və “Abşeron
Sukanal” İdarəsinin əməkdaşlarını araşdırma aparılması üçün polis
bölməsinə dəvət ediblər.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır
ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının
azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla
istifadə edilməsi yolverilməzdir. Bununla bağlı “Azərsu” ASC
tərəfindən mütəmadi maarifləndirmə tədbirləri aparılır, fərdi su
xətlərində və çənlərində axıntı olan abonentlərdən nasazlıqları
aradan qaldırmaq tələb olunur, uçotsuz və sayğacdankənar istifadə
hallarına qarşı ciddi tədbirlər görülür.
Abonentlər su israfının qarşısının alınması məqsədilə
xəbərdarlıq və tövsiyələri anlayışla qarşılamalı, bu işi yerinə
yetirən “Azərsu” ASC əməkdaşlarına qarşı kobud rəftar
etməməlidirlər. Xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara
qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş
verərsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.