“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən içməli su və tullantı su xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi və debitor borc probleminin həlli məqsədilə zəruri tədbirlər görülür.
Qurumdan AzerTimes-a verilən məlumata görə, abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəzi abonentlər göstərilən xidmətlərə görə ödəniş etmək istəmir, bu azmış kimi xidməti vəzifələrini yerinə yetirən “Azərsu” ASC-nin əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar. “Azərsu” ASC-nin “Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki təzyiqi ilə üzləşib.
Belə ki, “Bağlar Sukanal” İdarəsinin xidməti ərazisində olan “Saray-H” MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abonentin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 679,93 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən 07 fevral 2022-ci il tarixində iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.
08 fevral 2022-ci il tarixində “Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin abonent “Azərsu” ASC-nin əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib. Abonent “Azərsu” ASC-nin əməkdaşını yumruqla vuraraq xəsarət yetirib.
Baş vermiş hadisə “Bağlar Sukanal” İdarəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət olunub.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Abonentlərin diqqətinə çatıdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər.